Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Əli Əsədov: "Yeni reallıqlar regionda qarşılıqlı faydalı əməkdaşlıq üçün unikal imkanlar açır"
"Yeni reallıqlar regionda davamlı sülh və sabitlik, həmçinin qarşılıqlı faydalı əməkdaşlıq üçün unikal imkanlar açır".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov D8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşündə çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, Ermənistan işğal dövründə Azərbaycan ərazilərində urbisid, kultursid və ekosid törədib:
"Azərbaycan 30 ilə yaxın davam edən erməni işğalına son qoyaraq, öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Ermənistan işğal etdiyi torpaqlarımızda azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün olub. Ərazilərimizdə urbisid, kultursid və ekosid törədilib. Azərbaycan xalqının mədəni və dini irsi məhv edilib. O ərazilərdə yerləşən 67 məsciddən 65-i yerlə-yeksan edilib".
Ə.Əsədov əlavə edib ki, hazırda bu torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, kəndlər və şəhərlər tamamilə yenidən qurulur:
"Artıq minlərlə keçmiş məcburi köçkün öz dədə-baba yurdlarına qayıdıb. Yeni reallıqlar regionda davamlı sülh və sabitlik, həmçinin qarşılıqlı faydalı əməkdaşlıq üçün unikal imkanlar açır. Azərbaycan regional sülh gündəliyinə sadiqdir və bu istiqamətdə qəti addımlarını davam etdirəcək".
Baş nazir, həmçinin qeyd edib ki, bugünkü Zirvə toplantısında Azərbaycanın iştirakının xüsusi tarixi əhəmiyyəti var.
O, üzv dövlətlərə minnətdarlığını ifadə edib:
"Azərbaycana dost münasibəti və etimad göstərən üzv dövlətlər ölkəmizin D8-ə üzv seçilməsi ilə bağlı yekdilliklə tarixi qərar verdilər".
Əli Əsədov Azərbaycanın təşkilatın təməl prinsiplərinin qorunmasına, təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsinə yaxından töhfə verəcəyini vurğulayıb.
"Müasir toqquşmalar və siyasi gərginlik fonunda, geniş regionumuzda təhlükəsizliyin, sabitliyin təmin edilməsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu xüsusda, Azərbaycan geosiyasi mövqeyi, geniş iqtisadi potensialı və müasir nəqliyyat infrastrukturu ilə özünü etibarlı regional mərkəzlərdən biri kimi təsdiq edib".
Dövlət rəsmisi Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanın mühüm enerji layihələrinin həyata keçirilməsində və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində əhəmiyyətli rola malik olduğunu da diqqətə çatdırıb.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Əli Əsədov: "Azərbaycan Qəzza sakinləri ilə həmrəyliyini ifadə edir"
- Əli Əsədov Qahirədə Rəcəb Tayyib Ərdoğan və digər dövlət başçıları ilə görüşüb
- Əli Əsədov: "Azərbaycan Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edir"
- Azərbaycan "İslam səkkizliyi" təşkilatına üzv seçildi
- Baş nazir: "Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığı inkişaf edəcək"