Azərbaycan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin sədri Elnur Aslanov ATƏT-nin Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) ölkədəki prezident seçkiləri ilə bağlı sonuncu məruzəsinə münasibət bildirib.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, o, Azərbaycan xalqının oktyabrın 9-da öz seçimini etdiyini deyib:
“Azərbaycanda dövlətin idarə olunmasında hər bir vətəndaş rol oynayır. Burada vətəndaşa qayğı dövlət siyasətinin təməl prinsiplərindəndir. Bu faktla, bu reallıqla seçkiləri müşahidə etmək üçün ölkəyə gələn hər kəs qarşılaşıb. Bu gün dünyanın hər yerindən prezident İlham Əliyevə təbrik məktubları göndərilir.
Məktublarda Azərbaycanda keçirilən açıq seçkilərin ölkə xalqının öz rəhbərinə etimadının göstəricisi olduğu vurğulanır. Lakin bal çəlləyində bir qaşıq da olsa, zəhər olur. DTİHB-nin məruzəsini yalnız bu şəkildə müqayisə etmək olar. 1990-cı ildə yaradılmış və əvvəlcə Azad Seçki Bürosu adlanan DTİHB-nin fəaliyyəti əvvəlcədən müəyyən olunmuş məqsəd və öhdəliklərə cavab vermir.
Biz bunun növbəti dəfə şahidi olduq. Açıq və demokratik şəraitdə İlham Əliyevə səs verən seçicilər üçün DTİHB-nin məruzəsinin heç bir əhəmiyyəti yoxdur. Qərb ölkələrinin özləri DTİHB-nin bir çox tövsiyələrini yerinə yetirmir. ABŞ-ın Texas ştat rəhbərliyi və ATƏT-in DTİHB müşahidəçiləri arasındakı qalmaqalı heç kəs unutmayıb. Belə ki, həmin vaxt – 2012-ci ildə ştat prokuroru ATƏT müşahidəçilərinə seçki məntəqələrinə 30 metrdən artıq yaxınlaşmağa icazə verməyib və bunun əks təqdirini “yerli qayda”ların pozulması olaraq cinayətə cəlb edilməklə hədələyib.”
PA nümayəndəsi fikirlərini yekunlaşdıraraq söyləyib: “Bütün bunları təhlil etdikdən sonra belə bir təəssürat yaranır ki, DTİHB tərəfindən həyata keçirilən seçki monitorinqi birtərəfli siyasi təzyiq mexanizminə çevrilib, müşahidə haqqında məruzələr isə seçkinin keçirildiyi dövlətin siyasi kursundan asılı olaraq tərtib edilir.
Azərbaycan dövləti bu təcrübəyə yenidən baxılmasına çağırır və seçkilərin keyfiyyəti barədə qərarların verilməsi ilə bağlı daha obyektiv mexanizmlərin işlənib hazırlanmasında təkid edir. Çoxsaylı beynəlxalq müşahidəçilər artıq Azərbaycandakı prezident seçkilərinin yüksək təşkilini qeyd ediblər. İndi təəssüf hissilə yalnız onu deyə bilərik ki, bu fakt Azərbaycanın imicini korlamaq, onu bir dövlət olaraq hörmətdən salmaq və dünya ictimaiyyətində çaşğınlıq yaratmaq üçün əl atılan növbəti üsuldur. Heç kəs demir ki, Azərbaycanda prezident seçkiləri nöqsansız keçdi.
Lakin seçki maksimum dərəcədə açıq və şəffaf şəraitdə keçirildi və gənc Azərbaycan demokratiyasının yetkinliyə doğru getdiyi yolda verdiyi daha bir imtahan oldu”.