Cinayət mühakimə icraatı çərçivəsində əmlak üzərinə həbs qoyulması barədə bu prosesi həyata keçirən orqanın qərarı məhkəmə nəzarəti qaydasında mübahisələndiriləcək.
Oxu.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü növbədənkənar plenar iclasında müzakirə olunan Cinayət-Prosessual Məcəlləsinə, Cəzaların İcrası Məcəlləsinə və "İcra haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihədə təklif edilən əlavə və dəyişikliklər təqsirləndirilən şəxs olmayan, lakin əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxslərin, cinayət prosesində iştirak edən digər şəxslər kateqoriyasına daxil edilməsi, həmin şəxslərin qanuni mənafeyinə toxunulan şəxs qismində cinayət prosesinə cəlb edilməsi, cinayət prosesində iştirak edən şəxslər kimi apelyasiya, kassasiya, əlavə kassasiya şikayəti vermək hüquqları və qaydalarını tənzimləyir.
Təklif olunan ən mühüm dəyişikliklərdən biri də cinayət mühakimə icraatı çərçivəsində əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarının mülki mühakimə icraatı çərçivəsində deyil, məhkəmə nəzarəti qaydasında mübahisələndirilməsinin nəzərdə tutulmasıdır.
Belə ki, mülki mühakimə icraatından fərqli olaraq məhkəmə nəzarəti qaydasında materiallara baxılması və işin həll edilməsi zaman baxımından daha çevik və operativ baş verir. Üstəlik daha sonra məhkəmə qərarının preyudisial əhəmiyyətinin hansı həddə olması kimi mübahisənin yaranmasının da qarşısı alınmış olur.
Təklif edilən dəyişikliklər səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.