Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Vedibasar rayonunun Arazdəyən bölgəsində tikilməkdə olan metallurgiya zavodu başqa yerə köçürüləcək.
Ermənistan mediasının məlumatına görə, bu barədə respublikanın iqtisadiyyat naziri Vaan Kerobyan parlamentdə jurnalistlərə deyib.
Onun sözlərinə görə, zavod yaxın əraziyə köçürüləcək.
Nazir, həmçinin köçürmə və tikinti prosesinin davam etdiyini qeyd edib.
“Tikinti şəxsi vəsait hesabına aparılır və növbəti addımlarını investorlar özləri müəyyənləşdirirlər. Biz coğrafi mövqeyi və regional mühiti nəzərə alaraq, onlar üçün mümkün qədər yararlı olmağa çalışırıq”, - deyə o bildirib.
Kerobyan qeyd edib ki, investisiya cəlbediciliyi baxımından regionda sülh böyük əhəmiyyət kəsb edir.
“Biz çalışmalıyıq ki, regiona uzunmüddətli sülh gəlsin və heç kim heç kimə atəş açmasın”, - deyə o əlavə edib.