Erməni ordusunun qadın hərbi qulluqçusu Azərbaycanın xeyrinə “casusluqda” şübhəli bilinərək həbs edilib.
AZE.az xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) İstintaq İdarəsi tərəfindən araşdırılan casusluq faktı üzrə cinayət işi çərçivəsində aparılan əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cari ilin 22 iyun tarixində N-saylı hərbi hissədə müqavilə əsasında xidmət edən hərbi qulluqçu, Qapan şəhər sakini, 1982-ci il təvəllüdlü Mane Artaşesovna Movsisyan saxlanılıb.
Guya Ermənistan MTX Movsisyanın 2012-ci ilin yanvarından – hərbi xidmətə başlamazdan əvvəl – “Odnoklassniki”, mail.ru agent və Facebook sosial şəbəkələrində Türkiyədə yaşayan, “S Dr”, “Seyran Dervisyan” və “Tigran Dervisyan” profilləri altında gizlənmiş “Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşı” ilə tanışlığına aid “təkzibedilməz sübutlar” əldə edib.
Məlumata əsasən, onların yazışması Movsisyanın hərbi xidmətə daxil olmasından sonra da davam edib.
“Əldə olunmuş məlumatlara görə, Movsisyan Azərbaycanın xüsusi xidmət orqanlarına ona məlum olan hərbi xarakterli, dövlət və xidmət sirri özündə əks etdirən məlumatları ötürüb” – deyə, Ermənistan MTX-nin mətbuat xidmətinin məlumatında deyilir.
Mərkəzdən həmçinin bildiriblər ki, analoji cinayətə görə daha iki nəfər saxlanılıb, onlardan biri Dağlıq Qarabağdakı işğalçı erməni ordusunun hərbi qulluqçusudur.
“Həmin iki şəxs də yuxarıda adı çəkilən profillərin arxasında gizlənmiş Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşı tərəfindən casusluğa cəlb olunublar. Hazırda həbs olunmuş hərbçilər Qarabağda məhkəmə qarşısına çıxarılıblar” – deyə, Ermənistan MTX-nin məlumatında vurğulanır.
www.aze.az
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin