Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ermənistanda mədən sənayesinin ekologiyaya təsirlərinə dair HESABAT hazırlanıb - FOTO
Ermənistan ərazisindəki hasilat mədənlərinin kosmik monitorinqinə dair hesabatın təqdimatı edilib.
Oxu.Az-ın məlumatına görə, təqdimatı “Sudan istifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin sədri Amin Məmmədov səsləndirib.
O qeyd edib ki, Ermənistan ərazisində yerləşən 26 ǝdəd filiz hasilat yatağının kosmik monitorinqinin nəticələri yer alıb:
“Hesabata əsasən, aparılan monitorinqin nəticələrinə əsasən, son beş il müddətində Qafan hasilat yatağı aktiv fəaliyyət göstərir. Belə ki, yatağın sahəsində bu dövr ərzində 49,2% sahəvi genişlənmə müşahidə edilib. Dəyişikliklər, əsasən, rezervuarların ətrafında müşahidə olunur. Əlavə olaraq bir neçə istiqamətdə kəşfiyyat işlərinin (yeni qazıntı yerləri) aparıldığı görünür.
Aparılan araşdırmalar zamanı Qafan dağ-mədən sənayesinin tullantı sularının təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsinin normadan dəfələrlə artıq olduğu üçün Oxçuçayın su ehtiyatlarının istifadəsi yararsız hesab edilib. Çayda nikelin miqdarı 5,5, dəmirin miqdarı isə 4,5 dəfə normadan artıqdır”.
Hesabatda qeyd edilib ki, erməni ekoloqlarının məlumatına əsasən, Qafan şəhərindəki Şahumyan polimetal mədənində zərərli hissəcikləri buraxılması ehtimalı daha yüksəkdir və açıq istismar zamanı ağır metallarla dolu toz zərrələri Qafan ətrafına (Oxçuçaya) yayılır.
Qafan filiz emalı zavodu tərəfindən dəfələrlə normadan artıq metalların çaya buraxılması yalnız çay faunasını, ekosistemini məhv etmir, həm də insan sağlamlığı üçün son dərəcə təhlükəlidir. Çirklənmiş suyun istifadəsi zərərli nəticələrə - mədə-bağırsaq traktının pozulmasına, böyrəklərdə və sümük toxumasında dağıdıcı proseslərə, ürək-damar, sinir sistemlərində problemlərə yol açır.
Növbəti monitorinqin nəticələrinə əsasən, son beş il müddətində Voskedzor qızıl-polimetal mədənində heç bir dəyişiklik müşahidə olunmayıb. Ehtimal edilir ki, Voskedzor qızıl-polimetal mədəni fəaliyyət göstərməyib. Bu mədən üzrə açıq karxanalardan, filizqırma sahəsindən qeyri-üzvi tozun emissiyaları ildə 649,97 ton hesablanıb. Ətraf mühitə atılan maddələrin ümumi iqtisadi zərəri isə 81,97 milyon AMD (Ermənistan pul vahidi) qiymətləndirilir.
Digər monitorinqin nəticələrinə əsasən, son beş il müddətində Arcut hasilat yatağı aktiv fəaliyyət göstərir. Belə ki, yatağın sahəsində bu dövr ərzində 70,4% sahəvi genişlənmə müşahidə edilib. Dəyişiklik, əsasən, yeni emal zavodunun tikintisindən, yataqla zavod arasındakı yolun salınmasından və kəşfiyyat işlərinin aparılmasından ibarətdir. Mədəndə emal zavodunun tikintisinə 2021-ci ilin ikinci yarısında başlanılıb. 2014-2021-ci illərdə mədəndə kəşfiyyat işləri aparılıb. “Bektek-Eko” MMC Arcut mədənində qızıl əldə etmək üçün sianid üsulunu seçib ki, mədənin açıq şəkildə fəaliyyəti nəticəsində yerüstü, yeraltı sular ağır metallarla çirklənmə riskinin yaranması və partlayışlar nəticəsində əmələ gələn zǝrǝrli tozun ətraf ərazilərə çökməklə yaxın ətrafa yayılması ehtimalı yüksəkdir. Quru mövsümdə küləklər, yağıntılar zamanı isə yerüstü və yeraltı axınlar ilə həmin ərazilərin suları kimyəvi tərkibini dəyişir və istifadə üçün təhlükə yaradır. Yataq yaxınlığından keçən Debet çayının kimyəvi tərkibinin dəyişməsi Kür çayı üçün təhlükə mənbəyidir.
Monitorinq nəticələrinə əsasən, son beş il müddətində Yuxarı Vardanidzor qızıl və polimetal mədəninin fəaliyyət göstərmədiyi müşahidə olunur. Vizual analiz nəticəsində iki dövri təsvirdə fəaliyyətə dair heç bir dəyişiklik müşahidə olunmayıb. Mədən işlərinin aparılması yaxın ətraf ərazilərdə ekoloji fəlakətlərin baş verməsinə səbəb olacaq.
Həmçinin, son beş il müddətində Meqhasar qızıl mədəninin istismarı aktiv şəkildə həyata keçirilir. Dəyişikliklər, əsasən, karxanaların ətrafında müşahidə olunur. Belə ki, yatağın sahəsində bu dövr ərzində 26,1% sahəvi genişlənmə müşahidə edilib. Mədən və emal zavodunun fəaliyyəti zamanı çaylara axıdılan kimyəvi tərkibli sular canlı və bitkilər üçün böyük təhlükə mənbəyidir.
Son beş il müddətində Azatek qızıl mədəninin istismarı aktiv şəkildə həyata keçirilir. Dəyişiklik yeni karxanaların meydana gəlməsindən ibarətdir. Belə ki, yatağın sahəsində bu dövr ərzində 450% sahəvi genişlənmə müşahidə edilib.
Hesabatda qeyd olunur ki, mədən və emal zavodunun fəaliyyəti zamanı çaylara axıdılan kimyəvi tərkibli sular canlı və bitkilər üçün böyük təhlükə mənbəyidir. Mədəndə karxanaların partlayıcı üsulu ilə istismarı və emal zavodundan kimyəvi tullantıların Arpa çayına axıdılmasının nəticəsində zərərli toz və kimyəvi maddələrin hava və su yolu ilə respublikamızın ərazisinə daxil olmaqla ekologiyamızı məhv etməsi davam edir. Mədən Arpa çayının üzərində yerləşdiyi üçün tullantı sularının çaya axıdılması istisna edilmir. Bu, Arpa çayının vadisində mövcud olan ərazilərdə ekoloji problemlərə zəmin yaradılmasıdır.
Ermənistanda “Vaya Gold” MMC tərəfindən Azatek mədənindən 250 milyon dram (Ermənistan pul vahidi) dəyərində qeyri-qanuni qızıl, gümüş və mis hasilatı maddəsi ilə cinayət işi qaldırılıb.
Monitorinqin nəticələrində qeyd edilir ki, son beş il müddətində Armanis qızıl-polimetal mədənində istismar işləri davam edir. 2023-cü ildə 2017-ci ilə nisbətdə üfüqi sahǝvi artımda dəyişiklik 3,7% təşkil etsə də, təsvirdən karxanalarda dəyişikliklərin olması müşahidə edilir. Emal zavodunun ərazisində xammal yığımlarının artımı aktiv fəaliyyətin aparıldığını təsdiqləyir.
Armanis mədənində 14 647 min ton filiz qiymətləndirilir ki, bunun da 12 316,4 kiloqramını qızıl, 161,2 tonunu gümüş, 158,6 min tonunu mis, 381 min tonunu sink, 3 888 101 tonunu filiz qurğuşun, 2 358,2 tonunu kadmium, 83 tonunu vismut, 69,3 tonunu selen, 355,3 min tonunu kükürd təşkil edib. Armanis filiz emalı kompleksinin yaxınlığında turşulu suyun gölməçələrə, dərəyə, daha sonra Qarasu çayına axıdılması faktları qeydə alınıb. Mədəndə emal zavodundan kimyəvi tullantıların Qarasu çayına axıdılmasının nəticəsində zərərli toz və kimyəvi maddələrin su yolu ilə respublikamızın ərazisinə daxil olması ekologiyamıza mənfi təsir göstərir.
Hesabata görə, son beş il müddətində Qaraberd qızıl-gümüş mədənində istismar işləri davam edir. 2023-cü ildə 2017-ci ilə nisbətdə sahəvi artımda dəyişiklik 46,7% təşkil edir. Dəyişiklik, əsasən, karxanaların və kəşfiyyat yerlərinin sahəvi artımından ibarətdir. İstismarçı şirkət 2022-25-ci illərdə Qaraberd qızıl mədəninin mərkəzi sahəsinin şərq və cənub qanadlarında geoloji kəşfiyyat işlərinin aparılmasını və filiz emalı fabrikinin tikintisini nəzərdə tutub. Mədənin istismarından zərər çəkən sakinlar şirkətin fəaliyyətinə qarşıdırlar. Mədəndə karxanaların partlayıcı üsulu ilə istismarı və kimyəvi tullantıların Debed çayına axıdılması su yolu ilə respublikamızın ərazisinə daxil olmaqla ekologiyamıza mənfi təsir göstərir.
Aparılan monitorinqin nəticələrinə əsasən, son beş il müddətində Meqradzor qızıl-gümüş mədənində fəaliyyətin qismən olduğu müşahidə edilir. 2023-cü ildə 2017-ci ilə nisbətdə sahəvi artımda dəyişiklik 2,6% təşkil edir. Dəyişiklik, əsasən, çirkli su anbarının ətrafında müşahidə olunur. Beynəlxalq təşkilatlar tərəfindən mədən yaxınlığında aparılan ekoloji monitorinqlər Marmank çayı və ətrafının suyunda çirkləndiricilərin olduğunu müəyyənləşdirib. Emal nəticəsində meydana gələn kimyəvi tullantıların Marmank çayına axıdılması nəticəsində respublikamızın su resursları çirkləndirilir.
Hesabatda bildirilir ki, son beş il müddətində Hankasar mis-molibden yataq mədənində fəaliyyətin aparılmadığı müşahidə edilir. 2023-cü ildə 2017-ci ilə nisbətdə sahəvi artımda dəyişiklik yoxdur. Mədənin fəaliyyəti bərpa olunduğu halda emal prosesindən meydana gələn tullantıların çaya atılması Oxçuçayın çirklənməsinə səbəb olacaq.
“Ler-Ex” LLC şirkəti filizpaylayıcı zavodu söküb, əmlakın bir hissəsini Zəngəzur Mis-Molibden Kombinatına verib. Quru tullantı anbarının bərpa olunmadığı üçün küləklərdən tozun qalxıb təbiətə zərər verməsi qaçılmazdır.
Aparılan monitorinqin nəticələrinə əsasən, son beş il müddətində Şamlux mis, qızıl və gümüş mədənində aktiv fəaliyyətin olduğu müşahidə edilir. Mədən ərazisinin sahəvi artımı 2023-cü ildə 2017-ci ilə nisbətdə 4,9% olub. Dəyişiklik, əsasən, karxana ərazilərinin və xammalın emalı hovuzları ətrafında aşkarlanıb. Əlavə olaraq, karxanalardan emal zavodu istiqamətində olan mövcud yolların aktiv istifadəsi və zavod ətrafında xammal yığıntısının artdığı müşahidə olunur. Mədəndə karxanaların partlayıcı üsulu ilə istismarı nəticəsində hava yolu ilə zərərli tozların yayılması və emal zavodundan Debed çayına atılan kimyəvi tullantıların su yolu ilə respublikamızın ərazisinə daxil olması baş verir.
Eləcə də, son beş il müddətində Zod qızıl-gümüş mədənində aktiv fəaliyyətin olduğu müşahidə edilir. Mədən ərazisinin sahəvi artımı 2023-cü ildə 2017-ci ilə nisbətdə 53,9% olub. Dəyişiklik, əsasən, istismar və kəşfiyyat ərazilərin sahələrində baş verən artımdan ibarətdir. İstismar prosesindan havaya atılan zərərli tozlar respublikamızın təbiətini çirkləndirməkdədir. Mədəndə açıq qazma işləri aparmaqla yanaşı, yeraltı istismar və kəşfiyyat işlərinin artırılması nəzərdə tutulur.
Aparılan monitorinqin nəticələrinə əsasən, son beş il müddətində Amulsar qızıl mədənində aktiv fəaliyyətin olduğu müşahidə edilir. Mədən ərazisinin sahǝvi artımı 2023-cü ildə 2017-ci ilə nisbətdə 15,4% olub. Dəyişiklik, əsasən, istismar və kəşfiyyat ərazilərinin sahələrində baş verən artımdan ibarətdir. İstismar prosesindən əmələ gələn zərərli tozlar respublikamızın təbiətini çirkləndirməkdədir.
Amulsar mədəninin istismarının ətraf mühiti və ən böyük şirin su mənbəyi olan Göyçə gölünü çirkləndirmə ehtimalı yüksəkdir. Qızılın yuyulmasında istifadə olunan sianidin hasilatının və istifadəsinin Arpa və Vorotan çaylarına və Göyçə gölünə təsir edəcəyi üçün layihənin ətraf mühitə və iqtisadi həyat üçün təhlükə yaratması bu gün da aktualdır.
Hesabata görə, son beş il müddətində Aqarak mis-molibden mədənində aktiv fəaliyyətin olduğu müşahidə edilir. Mədən ərazisinin sahəvi artımı 2023-cü ildə 2017-ci ilə nisbətdə 5,9% olub. Dəyişiklik, əsasən, karxana ərazisinin sahəvi artımından ibarətdir. Mədəndə aparılan açıq qazma işlərində istifadə olunan partlayıcıların havaya yaydığı zərərli toz v emal zavodundan Araz çayına daxil olan kimyəvi tullantılar respublikamızın ekologiyasına ciddi təhlükədir.
Aqarak Mis-Molibden Kombinatının tərkibində ağır metallar olan mədən tullantıları Karçevançay vasitəsilə Araz çayını zəhərləyir. ABŞ-nin “Comsup Commodities” şirkəti kombinatın bütün səhmlərini alıb və onun tam səhmdarına çevrilib. İl ərzində burada orta hesabla dörd milyon ton filiz emal olunur. Məlumata görə, kombinatin Dəvəzəm tullantı anbarına təxminən 36,8 milyon kubmetr təhlükəli tullantı yığılıb. Tullantı anbarından gələn su Araz çayına axır.
Aparılan monitorinqin nəticələrinə əsasən, son beş il müddətində Tequt mis-molibden mədənində aktiv fəaliyyətin olduğu müşahidə edilir. Mədən ərazisinin sahəvi artımı 2023-cü ildə 2017-ci ilə nisbətdə 14,5% olub. Dəyişiklik, əsasən, karxana ərazisinin və xammalın ilkin emalı üçün istifadə olunan yuma hovuzunun sahəvi genişlənməsindən ibarətdir.
Mədəndə aparılan açıq qazma işləri üçün istifadə olunan partlayıcıların havaya yaydığı zərərli toz və emal zavodundan kimyəvi tullantıların Araz çayına daxil olması nəticəsində respublikamızın ekologiyasına zərər vurması davam edir. Mədənə aid olan sulfid turşuları yüksək sürətlə torpağa, yeraltı sulara, çaylara və göllərə nüfuz edərək həyat üçün dağıdıcı hadisələrə səbəb olur.
Mədənin ətraf mühitə vurduğu ziyanı müəyyənləşdirmək üçün sudan, çöküntülərdən, ev tozundan, biomateriallardan, sızma və ya çirklənmənin yayılması nəticəsində ikinci dərəcəli kimyəvi çirklənmiş ərazilərdən nümunələr götürülüb və nəticədə nümunələrdə ağır metalların və zəhərli elementlərin olduğu müəyyən edilib.
Hesabata əsasən, son beş il müddətində Qaracan mis-molibden mədənində aktiv fəaliyyətin olduğu müşahidə edilir. Mədən ərazisinin sahəvi artımı 2023-cü ildə 2017-ci ilə nisbətdə 7,6% olub. Dəyişikliklər, əsasən, karxana ərazilərində üfüqi genişlənmədən və şaquli dərinləşmədən ibarətdir. Mədəndə karxanaların partlayıcı üsulu ilə istismarı və emal zavodundan kimyəvi tullantıların çaylara axıdılması nəticəsində zərərli toz və kimyəvi maddələr hava və su yolu ilə respublikamızın ərazisinə daxil olmaqla ekologiyamızın çirklənməsinə səbəb olur.
Ermənistan Ətraf Mühitin Mühafizəsi və Dağ-Mədən Müfəttişliyi tərəfindən xüsusi olaraq Qaracan mədəninin çay sularını çirkləndirməsi ilə bağlı davamlı alaraq araşdırmalar aparılır. Mədənin təsirindən ətraf mühitin deqradasiyası hələ də davam edir, Oxçuçayda toksiklik səviyyəsinin yüksək olması balıqların kütləvi ölümünə səbəb olur.
Aparılan monitorinqin nəticələrinə əsasən, son beş il müddətində Aygedzor mis-molibden mədənində fəaliyyətin olduğu müşahidə edilir. Mədən ərazisinin sahəvi artımı 2023-cü ildə 2017-ci ilə nisbətdə 4,2% olub. Dəyişiklik, əsasən, karxana ərazilərində üfüqi genişlənmədən və zavod ətrafında xammal yığıntısının həcminin artmasından ibarətdir.
Mədəndə karxanaların partlayıcı üsulu ilə istismarı və emal zavodundan kimyəvi maddələrin Mehri çayına axıdılması nəticəsində zərərli toz və kimyəvi maddələr hava və su yolu ilə respublikamızın ərazisinə daxil olmaqla ekologiyamızı çirkləndirir.
Mədənin ehtiyatları aşağıda qeyd olunan maddələrdən ibarətdir: filiz - 233,0 milyon ton, molibden - 72,2 min ton, mis - 367,8 min ton, renium - 109,5 ton, qızıl – 4 140 kq, gümüş - 257 ton, tellirium - 466 ton, vismut - 2027,1 ton, germanium - 6,372 ton. Qeyd olunan elementləri və metalları toz halında ehtiva edən mədən ərazisi ətraf mühit və sağlamlıq üçün yüksək risklər yaradır. “EcoLur”un Ekoloji Risk Modelində mədənin təhlükə kateqoriyası 3-dür, yəni mədəndə mövcud olan mis, molibden və kükürd səbəbindən fəlakətli sayılır.
Aparılan monitorinqin nəticələrinə əsasən, son beş il müddətində “Lichk” qızıl, gümüş, mis mədənində fəaliyyətin olduğu müşahidə edilir. Mədən ərazisinin sahǝvi artımı 2023-cü ildə 2017-ci ilə nisbətdə 28,7% olub. Dəyişiklik, əsasən, karxana ərazilərində üfüqi genişlənmədən ibarətdir. Mədəndə karxanaların partlayıcı üsulu ilə istismarı və tullantıların Mehri çayına axıdılması nəticəsində zərərli toz və kimyəvi maddələr hava və su yolu ilə respublikamızın ərazisinə daxil olmaqla ekologiyamızı çirkləndirir.
Hesabata görə, son beş il müddətində Mqart qızıl-gümüş mədənində fəaliyyətin olduğu müşahidə edilir. Mədən ərazisinin sahəvi artımı 2023-cü ildə 2017-ci ilə nisbətdə 13,7% olub. Dəyişiklik, əsasən, karxanaların və kəşfiyyat yerlərinin sahəvi artımından ibarətdir. Mədəndən kimyəvi tullantıların Debed çayına axıdılması Kür çayının çirklənməsinə səbəb olur.
Aparılan monitorinqin nəticələrinə əsasən, son beş il müddətində Sofi Binay qızıl, gümüş, sink mədənində fəaliyyətin qismən aparıldığı müşahidə edilir. 2023-cü ildə 2017-ci ilə nisbətdə sahǝvi artımda dəyişiklik olmasa da, mədən ərazisində yükdaşıyıcı nəqliyyat vasitələrinin olması müşahidə edilir. Mədənin fəaliyyəti nəticəsində Arpaçaya axıdılan kimyəvi maddələr su yolu ilə respublikamızın ərazisinə daxil olaraq ekologiyamıza mənfi təsir göstərir.
Hesabat üzrə son beş il müddətində Dastakert mis-molibden mədənində fəaliyyətin olmadığı müşahidə edilir. 2023-cü ildə 2017-ci ilə nisbətdə sahǝvi artımda dəyişiklik müşahidə olunmur. Kəşfiyyat işlərinin aparıldığı ehtimal olunur. Mədənin ətrafında kəşfiyyat işlərindən geri qalan tullantılar çay sularına sızmaqla respublikamızın təbiətinə mənfi təsir göstərir. Zəngəzur mahalının Dastakert qəsəbəsi xəyal şəhəri təəssüratı yaradır. Yarıdağılmış binalar, keçmiş dağ-mədən kompleksinin infrastrukturu, sənaye binaları xarabalığa çevrilib.
Aparılan monitorinqin nəticələrinə əsasən, son beş il müddətində Razdan dəmir mədənində aktiv fəaliyyətin aparıldığı müşahidə olunur. 2023-cü ildə 2017-ci ilə nisbətdə sahəvi artımda dəyişiklik 3,5% təşkil edir. Dəyişiklik, əsasən, karxanada aparılan istismar işlərindən (xammal yığıntılarının artması) və sahəvi dəyişiklikdən ibarətdir. Mədənin fəaliyyəti nəticəsində Zəngi çayına atılan kimyəvi tullantılar Araz çayı ilə respublikamızın ərazisinə daxil olaraq ekologiyamıza mənfi təsir göstərir.
Yerli sakinlər mədənin çayın yaxınlığında olması və filizin dərin qatlardan çıxarılması nəticəsində su resurslarının çirklənməsinə səbəb olduğuna görə ciddi şəkildə narahatdırlar.
Hesabata görə, son beş il müddətində Tuxmanuk qızıl mədənində fəaliyyətin olmadığı müşahidə edilir. 2023-cü ildə 2017-ci ilə nisbətdə sahəvi artımda dəyişiklik müşahidə olunmur. Mədən ətrafında hal-hazırda mövcud olan kimyəvi tullantılardan çaya sızan zərərli maddələr çay vasitəsilə respublikamızın su resurslarını çirkləndirməkdədir.
Həmçinin, son beş il müddətində Mərcan qızıl-gümüş mədənində fəaliyyətin olmadığı müşahidə edilir. 2023-cü ildə 2017-ci ilə nisbətdə sahəvi artımda dəyişiklik müşahidə olunmur. Mərcan qızıl-polimetal faydalı qazıntı yatağının ərazisində aparılan kəşfiyyat və geokəşfiyyat işləri nəticəsində yaranmış və indiyədək təkrar emal olunmamış zibilliklər yaxınlıqdan keçən çay sularının təmizliyinə təsir etdiyi üçün su yolu ilə respublikamızın ərazisinə daxil olmaqla ekologiyamıza ciddi təsir edir.
Azərbaycan Respublikasının Kosmik Agentliyinin nümayəndəsi Aqil Əhmədov bildirib ki, Ermənistan tərəfindən axan hasilat tullantıları birbaşa Araz və Kür çaylarına daxil olur:
“Hasilat zamanı partlayıcı maddələrdən istifadə edilib və zərərli tozlar ətrafa yayılıb. Nəticədə çirkab suları çaylarımıza axıdılıb”.
Daha çox şəkil burada: PhotoStock.az
İlhamə Əbülfət