Azərbaycan uzun illər davam edən işğala 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi parlaq Qələbə ilə son qoydu və regionda yeni geosiyasi reallıqlar formalaşdırdı. Bu mərhələnin davamı olaraq, 2023-cü ilin sentyabrında keçirilmiş 24 saatlıq lokal antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz silahlı birləşmələr tərk-silah edildi və ölkənin tam suverenliyi bərpa olundu. Bu, yalnız hərbi deyil, siyasi və hüquqi baxımdan da Azərbaycanın dövlətçiliyi üçün mühüm dönüş nöqtəsi oldu.
Oxu.Az bildirir ki, bu barədə AZƏRTAC-da dərc olunan məqalədə qeyd olunub.
Bildirilib ki, bütün bu nailiyyətlərlə yanaşı, rəsmi Bakı Ermənistanla münasibətlərin normallaşdırılması və davamlı sülhün təmin olunması istiqamətində ardıcıl və qətiyyətli diplomatik kurs yürütməkdədir. Ermənistan tərəfinin pozucu mövqeyi və gecikdirici siyasi davranışlarına rəğmən, Azərbaycan sülh təşəbbüslərində ardıcıl olub, konstruktiv dialoqa hər zaman açıq qalıb.
Son mərhələdə Ermənistan konstitusiyasında dəyişiklik aparılmasına dair müzakirələrin başlaması və rəsmi İrəvanın separatçı rejimlə bağlı mövqeyini yumşaltması sülh prosesində irəliləyiş üçün əlverişli zəmin yaradıb. Bu göstəricilər Azərbaycanın sülhə çağırışlarının təkcə siyasi deyil, həmçinin regionun gələcək sabitliyi baxımından nə qədər prinsipial və uzaqgörən olduğunu bir daha təsdiqləyir.