Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ermənistanla birbaşa təmaslar: Uzaq vasitəçidənsə, yaxın qonşu yaxşıdır - ŞƏRH + FOTO
Bu gün Cənubi Qafqaz regionunun əsas gündəliyi Ermənistanla Azərbaycan arasındakı sülh sazişi ilə bağlıdır. 2020-ci ildə İkinci Qarabağ müharibəsi və 2023-cü ildə birgünlük antiterror tədbirləri nəticəsində bölgədə yeni reallıqlar yarandı. Sülh perspektivi, şübhəsiz ki, indi daha yaxındır. Bunun əsas səbəblərindən biri də Qarabağdakı keçmiş qondarma rejimin artıq ləğv edilməsidir.
Rəsmi Bakı sülh sazişinin imzalanması və bölgədə əməkdaşlıq mühitinin təmin olunması üçün bütün lazımi addımları atır. Rəsmi İrəvanın ritorikasındakı dəyişikliklər də göstərir ki, prosesdə irəliləyiş var. Ermənistan rəsmiləri, o cümlədən baş nazir Nikol Paşinyan tədricən sülh müqaviləsi ilə bağlı daha loyal bəyanatlar verirlər.
Ermənistan parlamentinin sədri Alen Simonyan da yanvarın 15-də jurnalistlərə açıqlamasında deyib ki, danışıqlarda müsbət irəliləyiş var.
Çünki rəsmi Bakının addımları nəticəsində İrəvan reallıqları anlamağa başlayıb. Ermənistan hakimiyyəti bilir ki, daha sağa-sola boylanmağın, belə demək mümkünsə, nala-mıxa vurmağın mənası yoxdur. Qarşı tərəf onu da anlayır ki, Ermənistan üçün nicat məhz regional əməkdaşlıqdan keçir.
Simonyanın birbaşa təmaslar barədə səsləndirdiyi fikirlər də bunu təsdiqləyir. Belə ki, parlament sədri İrəvanla Bakı arasında birbaşa təmasların istisna olmadığını diqqətə çatdırıb. O, vasitəçilərin öz maraqlarını təmin etməyə və təsir imkanları yaratmağa çalışdıqlarını deyib:
“Sülh prosesində vasitəçilik etməyə çalışan istənilən ölkənin öz maraqları var və bu da təbiidir”.
A.Simonyan bildirib ki, tərəflərin birbaşa təmaslarla bağlı təcrübəsi var:
“Məsələn, Azərbaycandakı 32 erməni birbaşa təmaslar nəticəsində qaytarıldı. Amma, təbii ki, beynəlxalq ictimaiyyət də nəzərə alınmalıdır”.
Məlum olduğu kimi, Ermənistanla Azərbaycan arasında vasitəçilik iddiasında olan bir sıra aktorlar var; Rusiya, Fransa, ABŞ, Avropa İttifaqı (Aİ) və s. Amma bu oyunçuların hər birinin öz maraqları var. İstənilən vasitəçi sülh məsələsinə öz maraqları kontekstindən yanaşır. Maraqların mahiyyəti isə aydındır - bölgədə təsir imkanlarını gücləndirmək.
Rəsmi Bakı tarixi təcrübədən çıxış edərək dəfələrlə bildirib ki, vasitəçiyə ehtiyac yoxdur. Təkcə ATƏT-in keçmiş Minsk Qrupunun fəaliyyəti də belə qənaətə gəlməyə əsas verir. Belə ki, 30 il ərzində həmsədrlərdən heç biri - nə ABŞ, nə Fransa, nə də Rusiya sülhə töhfə verdi. Nəhayət, Azərbaycan öz işini özü gördü. Bundan sonra, əslində, Ermənistan üçün də yeni imkanlar yarandı. Ermənistan hakimiyyəti Qarabağ yükündən azad oldu. Həmçinin İrəvanın regionun iki aparıcı ölkəsi - Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırması üçün fürsət yarandı.
Ermənistan son zamanlara qədər vasitəçilərin “ətəyi”ndən yapışmaqda idi. İrəvan bütün görüşlərdə üçüncü güclərin iştirakı ilə bağlı israr edirdi. Amma görünən odur ki, artıq Ermənistan da uzaq vasitəçidənsə, yaxın qonşunun yaxşı olduğunu başa düşür.
Məsələ burasındadır ki, Ermənistanın taleyi, gələcəyi vasitəçilərin heç birini düşündürmür. Onları maraqlandıran öz strateji hədəfləridir. İrəvanla Bakı arasında birbaşa təmaslar, əlbəttə, vasitəçilərin ürəyincə deyil. Çünki təsir rıçaqları azalır. Ola bilsin, rəsmi İrəvan artıq başa düşməyə başlayır ki, üçüncü güclər arasında rəqabət Ermənistan üçün “baş ağrısı”na çevrilir. Mümkündür ki, Ermənistan bu rəqabətə çox tab gətirə bilmir. Çünki üçüncü güclər Ermənistanla münasibətdə “pulunu verib musiqini sifariş etmək” ritorikasını sərgiləyirlər. Bu isə İrəvan üçün yaxşı nəsə vəd etmir.
Bu gün Ermənistanın dövlətçiliyi üçün zəruri olan şərt regional əməkdaşlıqdır. Kənar güclərin təzyiqi və təhriki İrəvanı bundan məhrum edir.
Düzdür, A.Simonyanın sözdə dediklərini rəsmi İrəvanın əməldə də göstərəcəyinə əmin ola bilmərik. Ermənistanın sözü ilə əməli arasında dəfələrlə ziddiyət olub. Bununla belə, ehtimal etmək olar ki, Bakı ilə İrəvan arasında ikitərəfli təmaslar güclənəcək. Bu isə öz növbəsində üçüncü güclərin prosesə müdaxilə imkanını azaltmaqla yanaşı, həm də sülh prosesinə təkan verəcək.
“Report” İnformasiya Agentliyi
"Aİ" teqi üzrə xəbərlər
- Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"
- Ərdoğan: "Aİ-yə üzvlük Türkiyənin strateji hədəfi olaraq qalır"
- Macarıstan və Slovakiya Gürcüstana qarşı sanksiyaların qarşısını alıb
- Aİ Gürcüstanla vizasız rejimi dayandıracaq?
- Aİ Rusiyaya qarşı 15-ci sanksiya paketini təsdiqləyib