Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda ən böyük maneə Azərbaycanın işğal olunmuş ərazilərində erməni qoşunlarının yerləşdirilməsidir.
Bu barədə 1news.az-a müsahibəsində Azərbaycanın Xarici İşlər Nazirinin rəsmi nümayəndəsi Elman Abdullayev Ermənistan XİN-nin rəhbəri Edvard Nalbandyanın guya İrəvanın ATƏT-in Minsk Qrupunun münaqişənin nizamlanması üzrə təklif etdiyi 6 əsas prinsipi imzalamağa hazır olması barədə bəyanatını şərh edərkən deyib.
Onun sözlərinə görə, əgər Ermənistan həqiqətən də ATƏT MQ-nin həmsədrlərinin səsləndirdikləri və yenilənmiş Madrid prinsiplərinin əsasını təşkil edən 6 prinsipinin hamısını qəbule dərsə, bu, hərtərəfli sülh danışığı üzərində iş aparmağa imkan verəcək.
“ATƏT MQ-nin təklif etdiyi 6 bənd bunlardır: Dağlıq Qarabağın ətrafındakı işğal olunmuş torpaqların Azərbaycanın nəzarətinə qaytarılması; Dağlıq Qarabağa aralıq statusun verilməsi və təhlükəsizlik, öz müqəddəratını təyin etmə hüququnun təmin olunması; bütün qaçqın və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qaytarılmasının təmin edilməsi; Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizin açılması; gələcəkdə Dağlıq Qarabağın hüquqi statusunun hüquqi baxımdan məcburi iradə ifadəsi əsasında müəyyənləşdirilməsi; beynəlxalq təhlükəsizlik zəmanətləri, o cümlədən də sülhün dəstəklənməsi üzrə əməliyyatlar” – deyə, azərbaycanlı diplomat vurğulayıb və əlavə edib ki, Azərbaycan bütün bu 6 prinsipi danışıqların aparılmasının əsası qismində qəbul edir.
www.1news.az
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin