Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin növbəti hissəsi bu gün təyyarə ilə ölkəmizə qayıdıb.
Bu barədə FHN-in mətbuat xidmətindən bildirilib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda xilasediciləri Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları, media və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Türkiyəli diplomatlar Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin zəlzələ bölgəsindəki fəaliyyətinin yüksək qiymətləndirildiyini bildirib, göstərilən dəstəyə görə Azərbaycan dövləti və xalqına təşəkkür ediblər.







11:50
Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələ ilə əlaqələr qardaş ölkəyə gedən Azərbaycanın 760 nəfərlik axtarış-xilasetmə heyətindən daha 224 nəfəri Bakıya yola salınıb.
Bildirilib ki, bu, Kahramanmaraşdakı azərbaycanlı xilasedicilərin sonuncu qrupudur.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov bildirib ki, azərbaycanlı xilasedicilər zəlzələdən dərhal sonra Türkiyəyə gəliblər:
“Ötən müddət ərzində 53 nəfər dağıntılar altından sağ çıxarılıb. Azərbaycan dövləti, Azərbaycan xalqı hər zaman Türkiyənin yanındadır. Bu şəhərlərin yenidən qurulmasında da Azərbaycan dövləti Türkiyənin yanında olacaq”.
Mənbə: “Anadolu”