Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Füzuliyə yeni köçürülən ailələrə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
Füzuliyə yeni köçürülən ailələrə mənzillərinin açarları təqdim olunub.
“Report” xəbər verir ki, tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Qeyd edək ki, bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 153 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 562 ailə, 2122 nəfərin daimi məskunlaşması təmin edilib.
12:23
Bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan, Sumqayıt şəhərindən, eləcə də Abşeron, Beyləqan, İmişli və Füzuli rayonlarından yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qarabağın dilbər güşələrindən olan Füzuli şəhəri doğma sakinlərini qarşılamağa davam edir. Bu gün 35 ailə olmaqla, 153 nəfər Füzuli şəhər sakini öz yurduna qovuşub.
Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar. Onlar doğma yurda qovuşmağın sevincini yaşayıblar.
Bununla da Füzuli şəhərində 562 ailənin, yəni 2122 nəfərin məskunlaşması təmin edilib.
07:20
Keçmiş məcburi köçkünlərin daha bir qrupu işğaldan azad olunmuş Füzuli şəhərinə yola düşüb.
“Report” xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə cəmi 35 ailə (153 nəfər) köçürülür.
Köçürülən 35 ailədən 22-si (90 nəfər) Bakı şəhərindən, 5-i (20) Sumqayıt şəhərindən, 4-ü (24) Füzuli rayonundan, 2-si (12) Beyləqan rayonundandır. İmişli (3 nəfər) və Abşeron (4 nəfər) rayonlarının hər birindən isə bir ailə köçürülüb.
Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 28 ailə (114 nəfər) Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən yola salınıb.
Beyləqan, İmişli və Füzuli rayonunda məskunlaşmış 7 ailə (39 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşularaq bir yerdə hərəkət edəcəklər.
Köçürülənlərin nəqliyyat vasitələri karvanları Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.
Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Füzuli şəhərinə cəmi 562 ailə (2 120 nəfər) köçürülüb.