Türkiyə, Azərbaycan və Gürcüstan Ukrayna məsələsində həmfikirdirlər.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Abdullah Gül bu gün Tiflisdə keçirilən Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin sammitinin yekununa həsr olunan mətbuat konfransında deyib.
O bildirib ki, sammitdə Ukrayna mövzusu da müzakirə olunub və ortaq mövqe ortaya qoyulub:
“Bizim əsas mövqeyimiz ərazi bütövlüyünün qorunması, toxunulmazlığıdır. Bu baxımdan Gürcüstan və Azərbaycan dövlətlərinin də ərazi bütövlüyünün bərpası və toxunulmazlığının tərəfdarıyıq”.
Qeyd edək ki, prezident İlham Əliyev hazırkı sammitin çox məhsuldar olduğunu bildirərək növbəti sammitin Azərbaycanda keçirilməsini təklif edib:
“Biz bu gün apardığımız fikir mübadiləsi ətrafında qərara gəldik ki, belə görüşlər müntəzəm keçirilsin. Etiraz etmirsinizsə, təklif edirik ki, növbəti sammitimiz Azərbaycanda keçirilsin və bu xoş niyyətli əməkdaşlığımız davam etsin”.