Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı barədə danışıb.
Oxu.Az-ın məlumatına görə, Gündür Kərimov “Azərbaycanda məhkəmə-hüquq islahatları: “AmCham” ilə müzakirələr” mövzusunda keçirilən konfransda bildirib ki, məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanının bir çox hissəsi sahibkarlığın inkişafına, onun maraqlarının qorunmasına və investisiyaların təşviqinə yönəlib.
G.Kərimovun sözlərinə görə, fərmanda Prezident tərəfindən müxtəlif dövlət qurumlarına, təşkilatlara müəyyən tapşırıqlar və tövsiyələr verilib:
“Bu tövsiyələr və tapşırıqlar həmin sahədə müxtəlif qanun, fərman və sərəncamların layihəsinin hazırlanması ilə bağlıdır. Fərman bir çox məsələləri əhatə edir: məhkəməyə müraciət hüququndan başlayaraq məhkəmə qərarlarının icrasının təmin edilməsinə qədər. Ona görə də bu fərmanı strateji sənəd kimi hesab etmək olar”.
G.Kərimov vurğulayıb ki, fərmanda əksini tapan əsas məsələlərdən biri də sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərə, mübahisələrə baxan yeni ixtisaslaşmış məhkəmənin yaradılması mümkünlüyüdür:
“Bu sahədə ixtisaslamış, hüquq cəmiyyətinin etimadını qazanmış və dərin biliklərə malik olan hakimlərdən ibarət olan məhkəmənin olması bu sahədə bir hüquqi tarazlıq gətirəcək.
Fərmanda, eyni zamanda, süründürməçilik və digər neqativ halların aradan qaldırılması məsələsi də öz əksini tapıb. Bunu təmin etmək üçün hakimlərin müstəqilliyinin təmin edilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi, məhkəmələrin işinə müdaxilələrin qarşısının alınması, hakimlərin peşəkar səviyyəsinin qiymətləndirilməsi və hüquq pozuntularına yol verən hakimlərin intizam məsuliyyətinə cəlb edilməsinin labüdlüyü məsələsi də xüsusilə vurğulanıb.
Cənab Prezidentin də qeyd etdiyi kimi, aktiv ictimaiyyət burada öz rolunu oynamalıdır və biz həmin məsələlərdə bütün biznes və hüquq ictimaiyyətini aktiv olmağa çağırırıq. Fərmanda elektron məhkəmə ilə bağlı məsələlər var və hüquqi müəyyənliyin gücləndirilməsini xidmət edəcək elektron məhkəmə sistemi də çox vacibdir.
Fərmanda Ədliyyə Nazirliyinə elektron məhkəmə sistemi ilə bağlı işlərin yekunlaşdırılması və həmin sistem daxilində də müxtəlif meyarlar əsasında və dünyanın aparıcı ölkələrinin təcrübəsinə əsasən məhkəmə qərarlarının effektiv axtarış sisteminin yaradılması da nəzərdə tutulub.
Bu sistemin effektivliyi hüquq ictimaiyyəti üçün, istənilən şəxs üçün məhkəmə qərarlarının şəffaflığını, ardıcıllığını və əl çatanlığını təmin etməsidir”.
İlhamə Əbülfət