"İstər Gürcüstanda, istərsə də Azərbaycanda Konstitusiyanın qəbulu göstərdi ki, vaxtilə xalqlarımız üzərində olan hökmranlığa qayıtmaq mümkün olmayacaq".
Oxu.Az xəbər verir ki, bunu Gürcüstan Parlamentinin sədr müavini Nino Tsilosani Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunan "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusunda beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.
O bildirib ki, azadlığı əldə etmək heç də asan olmayıb:
"Bu, ərazi bütövlüyünün itirilməsi, məcburi köçkünlər, sosial problemlərlə mübarizə aparmaq hesabına əldə olunub.
30 il ərzində suverenliyimiz möhkəmlənib, beynəlxalq əlaqələrimiz güclənib. Azərbaycan enerjisi Gürcüstan üzərindən Türkiyə vasitəsi ilə dünyaya çatdırılıb. Biz indi regional əlaqələrin üzərində işləyir, regional sülhə töhfə verməkdəyik".
"Milli suverenlik və xarici müdaxilə bir araya sığmır. Hətta ziddiyyət təşkil edir. Ona görə də biz xalqlarımızın bu tarixi sənədlərdə təsbit olunmuş azadlığını yüksək qiymətləndiririk", - deyə sədr müavini əlavə edib.
Mərahim Nəsib