Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş güclü yanğınla əlaqədar başsağlığı verib.
Oxu.Az-ın məlumatına görə, başsağlığında deyilir:
“Xəzər dənizindəki platformada baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verirəm.
Həlak olanların doğmalarının və yaxınlarının dərdlərinə şərik olduğumu bildirir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.
Bu gün daha dövlət başçısına Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev də başsağlığı məktubu yollayıb:
“Günəşli” yatağında yanğın nəticəsində insanların həlak olması xəbəri məni dərindən kədərləndirdi.
Bu kədərli hadisə ilə əlaqədar Qazaxıstan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm. Zərərçəkənlərin tezliklə sağalmalarını arzu edirəm”.
Bu gün Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sis də Azərbaycanın dövlət başçısına başsağlığı ünvanlayıb:
“Dost Azərbaycanın Xəzər dənizindəki neft platformasında baş vermiş yanğın nəticəsində insanların həlak olması xəbəri məni dərindən kədərləndirdi. Zati-aliləri bu faciə ilə bağlı Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.
Allahdan həlak olanlara rəhmət, dost Azərbaycan xalqına isə əmin-amanlıq diləyirəm”.
www.oxu.az