Azərbaycan Silahlı Qüvvələrə gərəkli olan lazımi hərbi texnika və silahları digər ölkələrdən də ala bilər.
Bu barədə “Exo”ya müsahibəsində Rusiyadan Su-27, Su-30 və MiQ-31 hərbi döyüş təyyarələrinin alınması ilə bağlı danışıqların uğursuz başa çatması barədə məlumatları şərh edən müstəqil hərbi ekspert Üzeyir Cəfərov bildirib.
Onun sözlərinə görə, Rusiya bundan əvvəl də Azərbaycana bəzi silah növlərinin satışını məhdudlaşdırıb:
“Lakin müxtəlif hərbi texnikanı satan çox ölkə var. Və biz silahları, texnika və ehtiyat hissələri digər ölkələrdən ala bilərik. Azərbaycana silah satışına məhdudiyyət Rusiya tərəfindən gəlir, bizim bu işdə günahımız yoxdur. Necə deyərlər, “zorla özünü sevdirmək olmaz”. Və biz Rusiya tərəfini məcbur edə bilmərik, bundan başqa, bu və ya digər silahı bizə satması üçün ruslara yalvarası deyilik. Rusiya satmayacaq, başqaları, post-sovet məkanında analoji texnikanın olduğu digər ölkələr satacaq. Biz hər il hərbi təyyarə və vertolyotlar almırıq. Rusiya Müdafiə Nazirliyinin bəyan etdiyi kimi əvvəllər Moskva və Bakı arasında imzalanmış müqavilələr isə yerinə yetiriləcək. Onlar Azərbaycan tərəfinin artıq pul ödədiyi silahların tədarükünün ləğv edilməyəcəyi və gecikdirilməyəcəyinə söz veriblər.
Ekspertin fikrincə, istənilən halda uduzan tərəf biz olmayacağıq:
“Biz necə uduza bilərik ki, dünyada şəxsi istehsalı olan silahları və ya əlində olan artıq silahları satan çoxlu sayda ölkə var? Lakin gələcəkdə Azərbaycan Rusiyanın belə rəftar edə biləcəyini nəzərində saxlayacaq. Və biz zəruri texnika və silahları aldığımız digər ölkələrə istiqamətlənəcəyik. Uduzan Rusiya olacaq. Bizim kifayət qədər pulumuz var. Biz aldığımız texnikalara görə pulu vaxtlı-vaxtında ödəyirik. Yenə də təkrar edirəm, bizim maliyyə imkanlarımız Silahlı Qüvvələr üçün digər ölkələrdən hərbi texnika və silah almağa imkan verir”.
Ekspertin sözlərinə görə, Rusiyanın Azərbaycana silah satmaqdan imtina etməsi məsələsində ermənilər hər hansı bir rol oynamırlar:
“Bu Rusiya rəhbərliyinin istəyidir. Və ermənilər bu məsələdə hər hansı bir rol oynamırlar, baxmayaraq ki, onlar Rusiyanın aviasiya sənayesi kompleksində rəhbər vəzifələrdə təmsil olunurlar. Sonuncu sözü isə belə bir qərar qəbul etmiş Rusiya rəhbərliyi deyir. Ola bilsin erməni nüansı var. Lakin bu əsasən Rusiya rəhbərliyinin qərarıdır.
Bundan başqa, Ü.Cəfərov hesab edir ki, Azərbaycan hərbi texnikanı digər ölkələrdən də ala bilər:
“Bizim silahlanmamızda olan hərbi texnika Hərbi Hava Qüvvələrinin üzərinə qoyulmuş tapşırıqları yerinə yetirmək iqtidarındadır. Biz təyyarələri elə qardaş Türkiyədən də ala bilərik. Bizim gənc pilotlar NATO ölkələrində silahlanmaya qəbul olunmuş təyyarələrdə uça bilirlər. Türkiyə olmasa da, təyyarələri dünyanın digər inkişaf etmiş ölkələrindən ala bilərik. Yenə də təkrar edirəm, uduzan Rusiya olaca”.
Exo
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin