"Bu gün 20-dən çox Avropa ölkəsinin təmsilçilərinin yer aldığı Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyəti ilə məmnuniyyətlə görüş keçirdim".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Aİ Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyətini qəbul etməsi ilə bağlı "X" sosial media hesabında paylaşımında qeyd edib.
I was pleased to receive today the delegation of the EU Council Working Party on Eastern Europe and Central Asia (COEST) composed of representatives from more than 20 European countries.
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 1, 2026
EU-Azerbaijan partnership is of strategic importance and is developing on the basis of… pic.twitter.com/mpR0jM4j2A
"Azərbaycan və Aİ arasındakı tərəfdaşlıq strateji əhəmiyyət daşımaqla, qarşılıqlı hörmət, bərabərhüquqluluq və ortaq fayda prinsipləri əsasında inkişaf edir. Son dövrlərdə baş tutan yüksəksəviyyəli təmaslar sayəsində siyasi dialoq daha da intensivləşib, praktiki əməkdaşlıq isə nəzərəçarpacaq dərəcədə sürətlənib", - deyə diplomat bildirib.
Bundan əlavə, H.Hacıyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, eləcə də xüsusilə Orta Dəhliz vasitəsilə regional nəqliyyat əlaqələrinin təmin edilməsindəki strateji mövqeyi Aİ-Azərbaycan münasibətlərinin mühüm istiqamətlərindən olduğunu vurğulayıb.
"Bununla yanaşı, təmiz enerji, rəqəmsal transformasiya, innovasiyalar və investisiyalar kimi sferalarda da əməkdaşlıq miqyası böyüyür. Cari ildə biz təhlükəsizlik məsələləri üzrə dialoqumuzu genişləndirərək onu siyasi və təhlükəsizlik dialoqu formatına çevirmişik. Hazırda yeni ikitərəfli saziş və yenilənmiş tərəfdaşlıq prioritetləri üzərində fəal iş aparılır. İnkişaf etməkdə olan ikitərəfli gündəlik ortaq maraqlar real nəticələrə çevirmək üçün geniş imkanlar yaradır", - deyə Prezidentin köməkçisi qeyd edib.