Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Hikmət Hacıyev: "Azərbaycan və İran iqtisadi əməkdaşlığı gücləndirməlidir"
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tehran Dialoq Forumunda İranla əlaqələrin möhkəmləndirilməsinin zəruriliyini bəyan edib, regional sabitliyin prioritetini vurğulayıb və Ermənistanla sülh sazişi perspektivlərini şərh edib.
Oxu.Az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Tehran dialoq forumunda çıxış edən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Bakı regional əməkdaşlığın, xüsusilə iqtisadi sahədə genişləndirilməsinin tərəfdarıdır.
"Azərbaycan və İran iqtisadi əməkdaşlığa malik olmalı və ikitərəfli münasibətləri gücləndirməlidir", - deyə o vurğulayıb və əlavə edib ki, Azərbaycanın geosiyasi mövqeyi qonşularla aktiv qarşılıqlı əlaqə tələb edir.
Onun sözlərinə görə, Bakı çoxtərəfli formatların inkişafını dəstəkləyir. "Avrasiya məkanında biz əlverişli mövqedəyik: bizdə Türkiyə, Rusiya və İran var. Biz çoxtərəfli əməkdaşlığı dəstəkləyirik və İslam Əməkdaşlıq Təşkilatına əhəmiyyət veririk, çünki həmrəylik prinsipi bizim üçün vacibdir", - Hacıyev qeyd edib.
Hikmət Hacıyev həmçinin Azərbaycanın regional kommunikasiyalardakı rolunu vurğulayıb: "Bizim Qara dənizlə əlaqəmiz var və biz bundan istifadə edə bilərik. Biz birlikdə tərəfdaşlıq modelləri yarada və inkişaf etdirə bilərik".
Ermənistanla sülh sazişi perspektivlərinə toxunan Prezidentin köməkçisi bildirib: "İndi sülh üçün ən yaxşı və ən sabit zamandır. Biz yaxşı nəticələr əldə etmişik və mövzuların sərhədlərini müəyyən etmişik. İşğal vasitəsilə sərhədlər müəyyən edilmir".
O əlavə edib ki, Azərbaycan Ermənistan Konstitusiyasından ərazi iddialarına aid bəndlərin çıxarılmasında israr edir. "Əgər Ermənistan konstitusiyasında Azərbaycana təhdid yaradan müddəalar varsa, onlar çıxarılmalıdır", - deyə o söyləyib.
Hikmət Hacıyev həmçinin "xarici qüvvələrin öz baxışlarını qəbul etdirməyə çalışdıqlarını" qeyd edərək Bakı ilə İrəvanın "sabitliyə gedən yolu" özlərinin müəyyən etməli olduqlarını vurğulayıb.
Xatırladaq ki, Hikmət Hacıyev Tehran Dialoq Forumunda iştirak etmək üçün İranda səfərdədir.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın paytaxtı Tehranda səfərdədir.
Oxu.Az xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.
Qeyd edək ki, Tehranda İran Prezidenti Məsud Pezeşkian və 53 ölkədən nümayəndələrin iştirakı ilə Dialoq Forumu işə başlayıb.
Hikmət Hacıyevin də qatıldığı tədbir İran XİN-də keçirilir və mərhum xarici işlər naziri Hüseyn Əmir Abdullahianın xatirəsinə həsr olunub.
Foruma 40 tematik panel daxildir.

"Hikmət Hacıyev" teqi üzrə xəbərlər
- Hikmət Hacıyev: "Azərbaycan özünü qonşularına qarşı mümkün ssenarilərə hazırlayıb"
- Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir
- Hikmət Hacıyev: "Xəzər dənizi ayırıcı deyil, birləşdirici faktordur"
- Hikmət Hacıyev: "Etnik azərbaycanlıların İrana agent kimi yerləşdirilməsi iddiaları absurddur"
- Hikmət Hacıyev Çex Respublikasının rəsmiləri ilə görüşüb