"Regionumuzda sülh gündəliyinə qarşı yönələn, onu pozmağa və zəiflətməyə çalışılan tendensiyalarda köhnə narrativlər yenidən gündəmə gətirilir və prosesin əleyhinə mübarizə vasitəsinə çevrilir".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Bakı Mədəniyyət və Media Dialoqu Platforması" çərçivəsində keçirilən "Sülhün dili və dezinformasiyaya qarşı mübarizə" mövzusunda xüsusi sessiyada deyib.
O bildirib ki, Azərbaycan və Ermənistan cəmiyyətləri sülh gündəliyini zəiflətməyə çalışan və köhnə narrativləri yenidən silah kimi istifadə edən bu cür cəhdlərə qarşı immunitet formalaşdırmaq üçün səylərini birləşdirməlidirlər:
"Məsələn, erməni diaspor icmalarının və bəzi mərkəzlərin Qarabağ məsələsini dəfələrlə yenidən gündəmə gətirərək ondan siyasi vasitə kimi istifadə etməyə çalışdıqlarını görürük. Bu, Ermənistanda seçki kampaniyasından əvvəl daha kəskin xarakter almışdı, lakin həmin cəhdlər bu gün də davam edir".