Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İlham Əliyev and içdi – Yenilənib
Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevin oktyabrın 19-da Milli Məclisdə təntənəli andiçmə mərasimi keçirilib.
Oxu.Az Azərtac-a istinadən xəbər verir ki, mərasimdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları, siyasi partiyaların, ictimai təşkilatların, ölkə ictimaiyyətinin nümayəndələri, xarici ölkələrin səfirləri iştirak edib.
Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi açıq elan olunub. Mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi hərarətlə, gurultulu və sürəkli alqışlarla qarşılayıblar.
Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının dövlət bayrağını və Azərbaycan Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətiriblər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri səhnəyə dəvət olunub.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək deyib:
- Hörmətli xanımlar və cənablar!
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2013-cü il 19 oktyabr tarixli qərarı ilə Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, cənab İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan etmişdir.
Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə andiçməyə dəvət olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əlini Azərbaycan Respublikasının Konstitusiyasının üzərinə qoyaraq and içib:
- Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!
Azərbaycan Respublikasının dövlət himni səslənib.
Sonra Prezident müqəddəs Qurani-Şərifə əl basaraq and içib:
- Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam.
Prezident İlham Əliyev təzim edərək, Azərbaycanın dövlət bayrağını öpüb.
Azərbaycanın dövlət bayrağı və Azərbaycan Prezidentinin ştandartı (bayrağı) səhnədən aparılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində geniş nitq söyləyib.
11:20
Bu gün 9 oktyabr Azərbaycan Respublikası Prezidentliyinə seçkilərdə qələbə qazanmış İlham Əliyevin andiçmə mərasimi keçirilir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, mərasim parlamentin iclas zalında təşkil olunub.
Mərasimdə dövlət rəsmiləri, hökumət üzvləri və deputatlar iştirak edirlər.
Qeyd edək ki, Konstitusiya Məhkəməsinin bu gün keçirilən Plenumunda seçkinin nəticələri təsdiqlənib və seçkidə 84,54 faiz səs toplayan İlham Əliyev prezident elan edilib.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Davamlı müharibələr, tapılmayan həll yolu və yeni dünya düzəni: BMT-nin gələcəyi sual altındadır
- İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi təbrik edib
- Azərbaycan Prezidentinin tapşırığı ilə FHN Qırğızıstana maddi-texniki yardım göndərib
- Gürcüstanın baş naziri Prezident İlham Əliyevi təbrik edib
- Məsud Pezeşkian Prezident İlham Əliyevi təbrik edib