Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev deyib:
“Xoş gəlmisiniz, böyük nümayəndə heyəti ilə görüşmək o deməkdir ki, müzakirə olunmalı çox məsələ var”.
Dirk Şuebel: “Cənab Prezident, bizi qəbul etdiyinizə görə çox təşəkkür edirik. Bizimlə görüşmək üçün vaxt ayırmağınız bizim üçün şərəfdir. Mən qısaca olaraq özümü, həmkarlarımı və nümayəndə heyətini təqdim etməklə başlaya bilərəm. Mənim adım Dirk Şuebeldir. Mən Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsiyəm. Lakin bu, Azərbaycana ilk səfərim deyil, ötən illər ərzində əvvəlki vəzifələrdə dəfələrlə burada olmuşam və yenidən burada olduğum üçün şadam. Biz buraya bir neçə üzv dövlətin Şərq Tərəfdaşlığı üzrə xüsusi nümayəndələrindən, səfirlərindən ibarət nümayəndə heyəti ilə gəlmişik.
Bizim hamımız hazırkı vəziyyətdə Şərq Tərəfdaşlığının həyata keçirilməsi, ola bilsin ki, Şərq Tərəfdaşlığının yenilənməsi, müasirləşdirilməsi üçün xüsusi nümayəndə təyin olunmuşuq. Bilirik ki, hazırkı geosiyasi vəziyyətdə yeni ideyalara, yeni stimullara, xüsusi yanaşmalara ehtiyac var, bizim burada olmağımızın bir səbəbi də budur. Bunun Sizin nöqteyi-nəzərinizdən necə göründüyünü dinləmək istəyirik: nəyi daha yaxşı edə bilərik, Azərbaycanla əməkdaşlığımızda xüsusi nələri edə bilərik?
Düşünürəm ki, son bir neçə ildə əməkdaşlıq çox yaxşı inkişaf edib. Biz bir sıra müstəvidə irəliləyirik. Sözsüz ki, enerji sahəsi. Lakin düşünürəm ki, siyasi müstəvidə də biz bir çox səylər göstərmişik. Prezident Mişel çox fəaldır, Siz dəfələrlə görüşmüsünüz və Siz onun, eləcə də bizim hamımızın, Avropa İttifaqının ədalətli vasitəçi olduğunu görmüsünüz. Bilirsiniz ki, bizim gizli gündəliyimiz yoxdur, xüsusi gündəliyimiz yoxdur. Biz sadəcə yaxşı əməkdaşlıq etmək və əməkdaşlığımızı inkişaf etdirmək istəyirik. Bir çox dialoqlar - təhlükəsizlik sahəsində və bir sıra başqa sahələrdə dialoqlar qurulub. Biz daha çox məsələni nəzərdən keçirməyə hazırıq. Lakin sözsüz ki, əsas məsələni, münaqişəni unutmaq istəmirik.
Cənab Prezident, sirr deyil ki, biz Ermənistandan gəlmişik. Ermənistanda olduq. Deməliyəm ki, orada yaxşı danışıqlar apardıq. Düşünürəm ki, Ermənistanda aldığımız əsas mesaj ondan ibarətdir ki, Ermənistan da sülhün əldə olunmasında maraqlıdır. Biz, həmçinin burada da Sizin bunda maraqlı olduğunuzu eşidirik. Ona görə də biz davamlı sülhə öz töhfəmizi verə bilərik ki, bunu birdəfəlik kənara qoyaq, Cənubi Qafqaz regionunun qonşu ölkələrlə birlikdə çiçəklənməsi istiqamətində hərəkət edək. Düşünürəm ki, bizim çatdırmaq istədiyimiz əsas diləyimiz bu olacaq.
İkitərəfli məsələlərə gəlincə, sonuncu məsələ bizim sazişimizdir. İstərdik, Sizdən xahiş edək ki, bunu həyata keçirmək üçün daha bir təkan verək. Bildiyiniz kimi, razılaşdırılası çox məqam qalmayıb. Ona görə də əgər biz ikitərəfli sazişi razılaşdıra bilsək, bu, əlbəttə ki, ikitərəfli əməkdaşlığımızda daha bir mühüm addım olacaq. Ümumilikdə isə biz burada dinləyici qismindəyik. Böyük məmnuniyyətlə Sizin fikirlərinizi, ideyalarınızı dinləyərik. Biz onları müvafiq olaraq paytaxtlarımızda öz rəhbərliklərimizə çatdıracağıq. Ümumilikdə isə biz sadəcə burada olmağa şadıq və bizi qəbul etdiyinizə görə minnətdarıq, cənab Prezident”.
Prezident İlham Əliyev: “Təşəkkür edirəm, çox sağ olun. İlk növbədə, gəldiyinizə görə təşəkkür edirəm. Mən bu səfəri yüksək qiymətləndirirəm. Düşünürəm ki, bu, gələcəkdə görməli olduğumuz işlərin düzgün qiymətləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Ümumiyyətlə, bildiyiniz kimi, Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın məzmunu olduqca genişdir. Biz müxtəlif sahələrdə - siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə əməkdaşlığımızın səviyyəsindən çox məmnunuq. Əlbəttə, Şərq Tərəfdaşlığına gəldikdə, bu proqramın əvvəlindən Azərbaycan onu güclü şəkildə dəstəklədi və Zirvə görüşləri daxil olmaqla müxtəlif tədbirlərdə fəal iştirak etdi.
Hazırda isə sizinlə razıyam ki, onun müasirləşdirilməsinin və görülən işlərin nəzərdən keçirilməsinin vaxtıdır. Çünki bu proqramın yaradılmasından on ildən çox keçir və Şərq Tərəfdaşlığına üzv ölkələr öz seçimlərini ediblər. Bəziləri Assosiasiya Sazişini imzalayıb, digərləri Avrasiya İqtisadi İttifaqına üzv olub. Azərbaycan yeganə ölkədir ki, heç bir formata qoşulmayıb. İqtisadi göstəricilərimiz, siyasi və iqtisadi sabitlik və əlbəttə ki, ərazilərimizin azad olunması xarici siyasətimizin praqmatizm üzərində qurulduğunu və hədəfə hesablanmış olduğunu nümayiş etdirir. Başlıca hədəf isə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi idi və biz buna iki il əvvəl nail olduq.
Beləliklə, biz Şərq Tərəfdaşlığı ilə bağlı yeni imkanların nədən ibarət olduğunu nəzərdən keçirməliyik. Bizə gəldikdə, biz bu proqramı və bu platformanı üzv ölkələr arasında əməkdaşlıq deyil, Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirmək üçün əlavə imkan hesab edirik. Çünki Şərq Tərəfdaşlığına üzv olan digər beş ölkə ilə bizim fərqli münasibətlərimiz var. Bizə isə Avropa Komissiyası ilə əlavə əməkdaşlıq mexanizminin əldə edilməsi vacib idi. İndi isə sizin də qeyd etdiyiniz kimi, yeni geosiyasi şəraitdə bunu yenidən nəzərdən keçirmək lazımdır.