Təbii ki, bizim gəlirlərimiz azalıb. Çünki neftin satışından əldə edilən gəlirlər təbii olaraq azalır. Ancaq əvvəlki illərdə əldə edilmiş maliyyə resursları, eyni zamanda, düşünülmüş siyasət, qeyri-neft sektorunun inkişafı və xarici investisiyaların cəlb edilməsi bizə imkan verir ki, hətta azalan gəlirlərlə bütün sosial öhdəlikləri yerinə yetirək və ölkə üçün vacib olan infrastruktur layihələrini icra edək.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib.
İlham Əliyevin sözlərinə görə, bu il də dövlət investisiya proqramı kifayət qədər genişdir.
“Bu proqramda əsas infrastruktur layihələri öz əksini tapıbdır və bu layihələrin icrası nəticəsində ölkəmizin inkişafı üçün daha da yaxşı şərait yaradılacaq, insanların rahatlığı, eyni zamanda, biznes mühitinin yaxşılaşdırılması üçün infrastruktur layihələri əlbəttə ki, önəmli yer tutur”.
Prezident çıxışında vurğulayıb ki, Azərbaycanın mövqeyi bir çox məsələlərlə bağlı çox böyük önəm daşıyır.
“Təkcə enerji siyasəti deyil, ümumiyyətlə, geosiyasi məsələlər, təhlükəsizlik məsələləri, iqtisadi əməkdaşlıq və sabitlik. Çünki baxın, indi dünyanın hər bir yerində qarşıdurma, müharibə, ziddiyyət, böhran, çevrilişlər və digər xoşagəlməz hallar müşahidə edilir. Bir il deyil, iki il deyil, artıq 10 ilə yaxındır ki, hər tərəf yanır. Azərbaycan sabitlik adasıdır, inkişaf məkanıdır və təbii ki, bu, dünya birliyi tərəfindən yüksək qiymətləndirilir”.