"Demokratik dövlətdə hakimiyyətlərin bölgüsü sadəcə bir nəzəriyyə deyil, bu, demokratiyanın yaşamasını təmin edən və vətəndaşları hakimiyyətin bir mərkəzdə cəmlənməsindən qoruyan tarazlıq mexanizmidir".
Oxu.Az-ın məlumatına görə, bunu Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ - International Association of Judges) 67-ci Baş Assambleyası çərçivəsində "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Məhkəmə hakimiyyəti və dövlətin digər iki qolu arasında münasibətlər" mövzusunda keçirilən beynəlxalq konfransda Ali Məhkəmənin sədri İnam Kərimov deyib.
O qeyd edib ki, hakimiyyət bölgüsü hər şeydən əvvəl institutlar haqqında anlayışdır, səlahiyyətlərin bölündüyü, tarazlandığı və məsuliyyət daşıdığı konstitusion qaydanın yaradılması deməkdir:
"Bu strukturun sütunlarından biri kimi məhkəmə hakimiyyəti olduqca mühüm rol oynayır. Onun məqsədi qanunu ədalətlə, qorxu və ya üstünlük olmadan tətbiq etmək, eyni zamanda, icraedici və qanunverici hakimiyyətlə qarşılıqlı hörmətə əsaslanan konstruktiv dialoqu qorumaqdır".
İ.Kərimov deyıb ki, hakimiyyət bölgüsü təkcə institutlarla bağlı deyil, o, həm də fərdlərlə bağlıdır:
"Hər bir institutun arxasında onu idarə edən insanlar dayanır. İnstitutların dürüstlüyü onları idarə edən və orada xidmət edən şəxslərin dürüstlüyündən doğur. Əgər onu həyata keçirənlər mənəvi güc və vicdanı əsas götürmürsə, bu sistem uzunömürlü ola bilməz.
Məhkəmə müstəqilliyi bir imtiyaz deyil, bu, məsuliyyətdir. Bu mexanizm vətəndaşları özbaşınalıqdan qoruyur, hər kəsin qanun qarşısında məsuliyyət daşımasını təmin edir və qanunun ədalətə sadiq qalmasına zəmanət verir. Eyni zamanda, bu məsuliyyət məhkəmə hakimini vicdanına və peşə etikasına bağlayır. Bundan əlavə, bu, qərəzsizlikdən, yəni ağıl və məntiqi kölgələyən emosiyalardan, simpatiya və antipatiyadan uzaq qərar vermək qabiliyyətini tələb edir".
Samir Əli