“Azərbaycana qarşı qarayaxma kampaniyası, eyni zamanda, ikili standartların tətbiqi ilk deyil. Biz dəfələrlə bunun şahidi olmuşuq. Məsələyə erməni lobbisinin, ermənilərlə əlbir olan qüvvələrin, onların havadarlarının bu və ya digər şəkildə xərclədiyi vəsaitlər dəstək verir”.
Bu fikirləri Oxu.Az-a ABŞ prezidentliyinə namizəd Vivek Ramasvaminin 2020-ci ildə Gəncənin bombalanması kadrlarını “Azərbaycanın erməni şəhərinə zərbəsi” kimi təqdim etməsindən danışarkən Milli Məclisin deputatı Arzu Nağıyev deyib. O qeyd edib ki, ölkəmizə qarşı dünyadakı informasiya müharibəsinin qarşısını almaq o qədər də asan deyil:
“Biz cənab Prezidentin 44 günlük müharibədə bir neçə dildə haqq-ədalət müharibəmizin dünyaya çatdırılması istiqamətində fəaliyyətinin şahidi olduq. Yəni, izahat verilmək, eyni zamanda açıqlamalarla, faktlarla dəqiq nəyin baş verdiyini çatdırmaq bu ən mühüm məsələdir.
Bununla bərabər media, jurnalistlərimiz bizə istinad edə bilən jurnalistlər, elm adamları, tarixçilər, siyasətçilərlə mütləq şəkildə əlaqə qurmalı, onlara dəqiq faktları çatdırmaq üçün səy göstərməlidir. Təkcə media mənsubları yox, ictimaiyyət nümayəndələri, siyasətçilər də beynəlxalq səviyyəli kütləvi informasiya vasitələrində daim çıxış etməyə səy göstərməlidirlər.
Son vaxtlar istər diaspor, istərsə də Xarici İşlər Nazirliyi səviyyəsində proseslər davam etdirilir, bu istiqamətdə ciddi addımlar atılır. Bütün bunlar öz müsbət nəticəsini verməkdədir. Müqayisə etsək, görərik ki, illər öncə vəziyyət belə deyildi. İndi sosial şəbəkələrdə, müxtəlif teleqram kanallarında Azərbaycanın mövqeyinin verilməsi çox mühüm əhəmiyyət kəsb edir. Siyasətçilərin sosial şəbəkələr vasitəsilə həqiqətləri dünyaya çatdırması nəticə vəd edir”.
Deputat hesab edir ki, ABŞ prezidentliyinə namizədin məhz Gəncənin bombalanması kadrını “Azərbaycanın erməni şəhərinə zərbəsi” kimi təqdim etməsi bir günün işi deyil:
“Yəni onun çıxış etdiyi media qurumunun məsul şəxsləri də bilirlər ki, namizədin əlindəki hansı kadrlardır. Amma yanlış informasiyaya bilərəkdən göz yumurlar. Halbuki onlar da cavabdehlik daşımalıdırlar. Dünya təbii ki, buna inanmadı. Hamı bilir ki, Gəncə hadisələri necə təqdim olunurdu və həmin kadrlar da bütün dünyaya yayılmışdı. İndi də erməni terrorunun daha ciddi yayılması, düzgün təqdimatı üçün mütləq şəkildə addımlar atılmalıdır, miqyas böyüməlidir, izahatlar verilməlidir, müxtəlif loqolardan istifadə olunmalıdır. Yəni, bu mübarizə tək diaspor təşkilatları, yaxud Xarici İşlər Nazirliyi səviyyəsində qalmamalıdır. İnformasiya müharibəsində hətta müxtəlif ölkələrdə oxuyan tələbələrimiz, iş adamlarımız, peşəkarlar da iştirak etməlidirlər. Həqiqətləri, baş verən hadisələri olduğu kimi dünyaya çatdırmaq, hər kəsin hafizəsinə qazımaq üçün bu mütləqdir”.
Aysel Aslan