İran Prezidenti Məsud Pezeşkian hökumət rəsmiləri və media nümayəndələri ilə görüşündə bildirib ki, hicab məsələsini zor tətbiq etməklə həll etmək mümkün deyil. Pezeşkian vurğulayıb ki, qadınları nə hicaba məcbur etmək, nə də hicabdan əl çəkməyə vadar etmək doğrudur. Prezident əlavə edib ki, məscidlər mədəniyyət qurmaq funksiyasını yerinə yetirməlidir, hicab mövzusu isə qarşıdurma ilə deyil, məntiq yolu ilə həll edilməlidir.
Prezidentin bu açıqlaması İranda hicab qanununun ləğv edilməsi kimi şərh edilib. Bununla yanaşı, sosial şəbəkələrin İran seqmentində qanunun ləğv edilmədiyi də vurğulanıb. Bəs İranda hicab qanunu ləğv edilib, ya yox?
Mövzu ilə bağlı Oxu.Az-a danışan Güney azərbaycanlı fəal Aslan Sultani bildirib ki, İranda mövcud rejimin qurulmasında əsas məqsəd ölkədə şəriət qanunlarının qüvvəyə minməsi idi, hazırda da dövlət bu qanunlarla idarə edilir:

"Şəriət qanunları ilə idarə olunan ölkədə hicab məcburidir. Yəni konstitusiyada dəyişiklik olmadığı müddətdə qanun dəyişdirilə bilməz. Konstitusiyanın dəyişdirilməsi isə çətin məsələdir".
"Bu məsələ, əsasən, qadınların hüquqları ilə bağlıdır. Bu baxımdan, hazırkı hökumət xanımlara daha çox azadlıq verməyə başlayıb. Məsələn, başlarını tam bağlamır, şal örtürlər, saçları görünür. Artıq əyləncə məclislərində rəqs edirlər və s.
Lakin bu azadlıq qeyri-rəsmi yerlər üçündür: küçələrdə, parklarda qadınlar başlarını bağlamadan gəzə bilirlər. Amma rəsmi yerlər üçün belə sərbəstlik məqbul deyil. Yəni qeyri-rəsmi şəkildə qadınların azadlıqlarına mane olmurlar, amma rəsmi olaraq hicab qanunu ləğv edilməyib. Bu, birbaşa ali rəhbərlik tərəfindən verilən qərardır ki, insanları çox sıxmaq lazım deyil. Çünki İranın vəziyyəti, onsuz da, yaxşı deyil, əks halda dövlət daha çox təzyiqlərə məruz qalar", - deyə fəal əlavə edib.
Güney azərbaycanlı milli fəal Babək Çələbiyanlı da Oxu.Az-a açıqlamasında bildirib ki, hicabın tələbinin hüquqi əsası hələ də qüvvədədir:

"İranda hicab məsələsi uzun illərdir qanunla tənzimlənir. 1979-cu il İslam İnqilabından sonra qəbul edilən qanunlara əsasən, qadınların ictimai yerlərdə baş və bədənlərini örtməsi məcburi hesab edilir. Bu tələbin hüquqi əsası hələ də qüvvədədir.
Hazırda İslam Cinayət Məcəlləsinin 638-ci maddəsi qadınların "şəriət qaydalarına uyğun olmayan geyimlə" ictimai yerlərdə görünməsini qanun pozuntusu sayır və 10 gündən iki aya qədər həbs və ya pul cəriməsi ilə cəzalandıra bilər. Yəni qanun formal olaraq qüvvədə qalır və tam ləğv olunmayıb".
Onun sözlərinə görə, son illərdə hökumət daxilində bu qanunun sərt icrası ilə bağlı fikir ayrılıqları yaranıb:
"2023-cü ildə "Ailə dəyərlərinin qorunması və hicab mədəniyyətinin təşviqi" adlı yeni qanun layihəsi hazırlanıb və qəbul edilib. Bu sənəd hicab qaydalarının pozulmasına görə daha sərt cəzalar nəzərdə tuturdu. Lakin ictimai təzyiqlər və beynəlxalq tənqidlər nəticəsində həmin qanunun icrası dayandırılıb və praktiki tətbiq olunmur".
Babək Çələbiyanlı vurğulayıb ki, hazırda İranda hicab qanunu hüquqi baxımdan qüvvədə qalsa da, onun icrası ölkə daxilində qeyri-bərabər şəkildə həyata keçirilir:
"İran Məsləhət Şurasının üzvü Məhəmmədrza Bahonər son açıqlamasında bildirib ki, "hicabla bağlı qanunun icrası artıq hüquqi baxımdan mümkün deyil və bu məsələ ilə bağlı cərimə və cəza tədbirləri həyata keçirilməyəcək". Bu bəyanat cəmiyyətdə geniş rezonans doğurub və sosial mediada "məcburi hicabın ləğvi" kimi yozulub.
Lakin rəsmi olaraq qanunun ləğvi barədə heç bir dövlət qərarı yoxdur. Qanun yalnız bəzi bölgələrdə icra edilmir və polis orqanlarına bu məsələdə daha yumşaq davranmaq göstərişi verildiyi bildirilir. Bəzi bölgələrdə isə qaydalar hələ də tətbiq olunur.
Faktiki vəziyyət odur ki, dövlət orqanları bu məsələdə daha yumşaq mövqe tutur, amma qanun hələ ləğv edilməyib".
Mərahim Nəsib, Aygün Mirakif