İran Daxili İşlər Nazirliyi iyunun 14-də keçirilmiş prezident seçkilərinin yekun nəticələrini açıqlayıb.
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, İran daxili işlər nazir Mustafa Məhəmməd Nəccar bildirib ki, islahatçılar və mötədillər düşərgəsinin (eks-prezidentlər Əli Əkbər Haşimi Rəfsəncani və Məhəmməd Xatəminin tərəfdarları) dəstəklədiyi Həsən Ruhani ölkə prezidenti seçilib. Onun sözlərinə görə, H. Ruhani 18 mln. 613 min 329 səs toplayıb və 50.07% nəticə ilə qalib gəlib: “Ümumilikdə seçkilərdə 50 mln. 483 min 192 seçicidən 36 mln. 704 min 156 nəfəri iştirak edib. Bu da seçici fəallığının 72.7% olması deməkdir”.
Qeyd edək ki, Məhəmmədbağır Qalibaf (6 077 292), Səid Cəlili (4 168 946), Möhsün Rzayi (3 884 412), Əli Əkbər Vilayəti (2 268 753) və Məhəmməd Qərəzi (446 015) səs toplayıblar. Seçkilərin yekun nəticələri İran Konstitusiyasına Nəzarət Şurası (Şura-ye Negəhban) tərəfindən təsdiqlənməlidir. İranda prezident 4 il müddətinə seçilir.
Xatırladaq ki, H.Ruhani 1960-cı ildə Simnan Sadiqiyyə Elmlər Seminariyasında dini təhsil alıb. 1961-ci ildə Qum Dini Elmlər Seminariyasına daxil olan H.Ruhani 1989-2005-ci illərdə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi və IV və V çağırış İran parlamentinin sədr əvəzi olub. O, həmçinin 1999-cu ildən İran Üləmalar Məclisi (Xubreqan) və 1991-ci ildən İran Məsləhət Şurasının üzvü olub. H. Ruhani 1992-ci ildən İran Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinə rəhbərlik edirdi.
www.apa.az
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin