Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“İsraildə Azərbaycan Evi” beynəlxalq birliyi Ermənistanın zorakılıq aktlarına hüquqi qiymət verməyə çağırıb
Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə işgəncə verilməsi faktı İsraildə fəaliyyət göstərən diasporumuzun kəskin etirazına səbəb olub.
“İsraildə Azərbaycan Evi” diaspor təşkilatının adından beynəlxalq qurumlara ünvanlanan bəyanatda Azərbaycan Ordusu əsgərlərinin – 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirovun və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundovun Ermənistana hansı şəraitdə əsir düşmələrinə aydınlıq gətirilib. Azərbaycanlı hərbçilərə qarşı törədilmiş qeyri-insani hərəkətlərə diqqət cəlb edilib, bu cinayətkar insident beynəlxalq humanitar qanunların Ermənistan tərəfindən kobudcasına pozulması kimi qiymətləndirilib.
Müvafiq beynəlxalq təşkilatların təkcə bu cinayətkar insidenti deyil, həm də Ermənistan tərəfindən son 30 ildən artıq müddət ərzində itkin düşmüş 3890 nəfər azərbaycanlıya qarşı zorakılıq aktlarını araşdırmasının və hüquqi qiymət verməsinin vacibliyi vurğulanıb. Ermənistanın mühüm beynəlxalq aktları, o cümlədən Cenevrə Konvensiyası, İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyalar üzrə öhdəliklərini yerinə yetirmədiyi bir daha nəzərə çatdırılıb.
Azərbaycan hərbçilərinə işgəncə verilməsini qətiyyətlə pisləyən “İsraildə Azərbaycan Evi” beynəlxalq təşkilatları Ermənistan hökumətinin və bu cinayəti törətmiş şəxslərin hərəkətlərinə hüquqi qiymət verməyə, azərbaycanlı hərbi qulluqçuların dərhal və qeyd-şərtsiz azad olunmasını təmin etməyə çağırıb.