Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İşsiz qalan deputatlar nə ilə dolanacaq?: “Gəlir yerim yoxdur, maddi dəstəyi həyat yoldaşım göstərəcək”
VI çağırış Milli Məclisə seçkilərin keçirilməsinə beş gün qalıb. Fevralın 9-da keçiriləcək seçkilərdə hazırda Milli Məclisdə təmsil olunan 31 deputat iştirak etməyəcək. Həmin deputatlardan 18-i Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, 11-i bitərəf, ikisi isə partiya sədridir.
VI çağırış Milli Məclisin tərkibində olmayacaq hazırkı deputatların bir qisminin başqa iş yerləri var. Bəs iş yerləri olmayan və seçkilərdə iştirak etməyəcək hazırkı deputatlar gələcəkdə hansı fəaliyyətlə məşğul olacaqlar? Onların qazanc yeri nə olacaq?
Report mövzunun aktuallığını nəzərə alaraq V çağırış Milli Məclisin deputatlarının bir neçəsi ilə əlaqə saxlayıb.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib ki, bundan sonrakı fəaliyyəti tədrislə bağlı olacaq:
“Gələcəkdə hansısa bir universitetdə və ya intstitutda tədrislə məşğul olacağam. Dolanışığımla bağlı məsələyə gəldikdə, əvvəlcə onu qeyd edim ki, hazırda pensiya alıram. Pensiyamla da dolanacam. Mən çox məvacib alan pensiyaçılardan deyiləm. Ancaq hesab edirəm ki, aldığım pensiya dolanışığımı təmin edəcək”.
Parlamentin Əmək və sosial siyasət komitəsinin üzvü, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə isə bildirib ki, gələcəkdə partiya fəaliyyəti ilə məşğul olacaq:
“Biz neçə il dövlətdən maliyyə dəstəyi almadan fəaliyyət göstərmişik. Bundan sonra da bu cür olacaq. Bundan əlavə, təqaüdə çıxmağı da düşünürəm”.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Mirkazım Kazımov deyib ki, üzvü olduğu Yeni Azərbaycan Partiyasından (YAP) ona iş təklif olunsa, orada işləyəcək:
“Əgər partiya tərəfindən işlə bağlı mənə təklif olmasa, təqaüdə çıxıb həyatımı yaşayacağam. Mən hər zaman ölkə başçısının siyasətini dəstəkləmişəm və bundan sonra da belə olacaq”.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva hazırda istirahət etdiyini deyib:
“Gələcək fəaliyyətim barədə isə düşünməmişəm. Gəlir yerim də yoxdur. Mənə maddi dəstəyi həyat yoldaşım göstərəcək”.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Sabiq millət vəkili vəfat edib
- Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana CAVAB
- Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB
- Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - YENİ TƏKLİF
- Milli Məclis Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı TƏLƏB ETDİ