"Müstəmləkəçilik cinayətdir. Fransada prezident seçkisində əksini iddia edən bəzi namizədlərin fikirlərinə baxmayaraq, bu, dəyişməz həqiqətdir".
Oxu.Az xəbər verir ki, bu fikirləri "Fransa Müsəlmanları" xəbər portalının təsisçisi Jan-Mişel Brun Bakıda "Media və dekolonizasiya: Yüksələn səslər, güclənən narrativlər" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O bildirib bütün müstəmləkəçi dövlətlərdə, xüsusilə də Fransada bu prosesdə mətbuat mühüm rol oynayıb:
"Mətbuatın vəzifəsi müstəmləkəçiliyi həqiqi siması ilə təqdim etmək yox, onu əsaslandırmaq və cəmiyyətdə müstəmləkəçilik haqqında müsbət təsəvvür formalaşdırmaq olub. Müstəmləkələrdə də müstəmləkəçi mətbuat fəaliyyət göstərirdi. Əlcəzairdə, Qayanada, Yeni Kaledoniyada və digər ərazilərdə nəşr olunan qəzetlər həmin torpaqlar barədə fransız baxışını yayır, müstəmləkəçi kimliyin formalaşmasına töhfə verirdi. Müstəmləkə altında yaşayan xalqların səsi isə əksər hallarda ya süzgəcdən keçirilir, ya da təhrif olunurdu. Onlar "yerli əhali" kimi təqdim edilirdi. Fransa mətbuatı onların mədəniyyətini folklor, mənəviyyatını isə xurafat kimi qələmə verirdi".
Qonaq vurğulayıb ki, mətbuat bu problemin həllində xüsusi rol oynaya bilər:
"Mətbuat həmin ərazilərin tarixini, yaşadığı ağrıları, mədəniyyətlərini, dillərini, köləlik və müstəmləkəçilik yaddaşını, eyni zamanda siyasi, iqtisadi və sosial təşəbbüslərini işıqlandıra bilər".