Belə görünür ki, Ermənistan üçün İrəvanın Rusiyaya və bütün dünyaya Qərbə üz tutduğunu daha da açıq nümayiş etməli olacağı “x” saatı yaxınlaşır.
Dekabrda Ermənistanın baş naziri Nikol Paşinyanın iştirak edə biləcəyi (etməyə də bilər) üç yüksəksəviyyəli forumun keçirilməsi planlaşdırılır. Dekabrın 18-də Rusiyada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin hökumət başçılarının iclası keçirilməlidir. Daha sonra, dekabrın 25-də dövlət başçıları səviyyəsində Avrasiya İqtisadi İttifaqının (Aİİ) Ali Şurasının iclası keçiriləcək, dekabrın 26-da isə MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü nəzərdə tutulub.
Nikol Paşinyanın bu forumlarda iştirak edib-etməyəcəyi barədə hələ ki məlumat yoxdur.
Vəziyyəti Oxu.Az-a SSRİ-nin və Rusiyanın məşhur kinorejissoru, ictimai xadim, “Mosfilm” kinokonserninin baş direktoru, Rusiyanın Xalq artisti Karen Şahnazarov şərh edib.
- Qərbdə Ermənistana nə vəd edə bilərdilər ki, bundan sonra İrəvan Rusiyadan belə nümayişkaranə üz döndərməyə başladı?
- Düzünü desəm, bu suala cavab vermək mənim üçün çətindir. Bəli, Ermənistanda qərbyönümlü dönüş elementləri var, ancaq hansı səbəbdən? Unutmayın ki, mən Ermənistanın sakini deyiləm, bu ölkədə nə baş verdiyini, erməni cəmiyyətində əhvali-ruhiyyənin necə olduğunu bilmirəm. Yəqin ki, əhalinin müəyyən hissəsi Nikol Paşinyanın hərəkətlərini dəstəkləyir.
- Aydındır ki, Paşinyanın dəstəyi var. O, hakimiyyətə gələndə onun hərəkatı “Yelk” (“Çıxış”) adlanırdı. Yaxşı, tutaq ki, Ermənistan hazırda olduğu bütün birlikləri tərk etdi, bəs bundan sonra iqtisadiyyat və hərbi-siyasi sahədə nə olacaq?
- Mənim mövqeyim məlumdur. Əgər Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT), digər təşkilatlardan və ümumiyyətlə Rusiyanın orbitindən çıxsa, bu, onun üçün fəlakətli səhv olar. Yeri gəlmişkən, bu, bütün Cənubi Qafqaz, Türkiyə və İran üçün çox da yaxşı olmayacaq. ABŞ-nin arzusu Cənubi Qafqazda baza yaratmaqdır. Bu, region ölkələrinin və xalqlarının maraqlarına uyğun gəlmir.
Bir daha təkrar edirəm, mümkün qərarın (Ermənistanda - red.) motivləri barədə danışmaq mənim üçün çətindir. Amma ümid edirəm ki, bu baş verməyəcək.
- Ermənistanın bu cür hərəkətləri İrəvanla Bakı arasında danışıqlar prosesinə də təsir edir. Axı hər şey sülh müqaviləsinin imzalanmasına doğru gedirdi, sonra da ləngidi. Ermənistan tərəfi indi yalnız Qərb meydanına israr edir.
- Ola bilsin, bunun arxasında hansısa illüziyalar var, ya da səbəb hansısa təminatdır (Qərbdən - red.). Amma artıq həyata keçmiş bir fakt var: Qarabağ məsələsi həll olunub. Bu o deməkdir ki, biz Cənubi Qafqazda hansısa yolla dinc yanaşı yaşamaq imkanı tapmalıyıq. Mən, doğrudan da, anlamıram ki, Ermənistan rəhbərliyi Qərb meydanına israr etməklə nəyə ümid edir. Erməni isteblişmenti bundan nə gözləyir?
Yeri gəlmişkən, illüziyalar haqqında. Axı Qərb Ermənistana heç nə verməyəcək. Məncə, bu, göz qabağındadır.
Mənə elə gəlir ki, gözləmək və hadisələrin necə inkişaf etdiyini görmək məntiqlidir. Hesab edirəm ki, Ermənistanda Qərbə getmək cəhdlərinə qarşı çıxan qüvvələr var. Yəqin ki, bir növ daxili mübarizə mövcuddur. Düşünürəm ki, dekabrda hər şey az-çox bəlli olacaq, vəziyyətin hansı istiqamətdə dəyişdiyi aydınlaşacaq.
Nair Əliyev