"Uşaq Hüquqlarına dair Milli Fəaliyyət Planının layihəsi hazırlanıb".
Oxu.Az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Elgün Səfərov "Uşaqların zərərli informasiyadan qorunması" mövzusundakı brifinqdə deyib.

O bildirib ki, dünyada hər beş uşaqdan biri zərərli məlumatlardan əziyyət çəkir:
"Süni intellektin, rəqəmsallaşmanın inkişafından danışırıq, amma bunun mənfi tendensiyaları da var. Videomateriallar hazırlayanda yaş kateqoriyası müəyyənləşməlidir. Bəzən uşaqları "Tiktok"a cəlb edib pul qazanırlar və onların hüquqları pozulur. Bəzi media subyektləri uşaqların da məlumatlarını paylaşaraq hüquqlarını pozurdu. Müvafiq dövlət qurumları ilə əməkdaşlıq edib tədbirlər gördük. Komitə olaraq uşaq hüquqları ilə bağlı məlumat bank sistemi yaratdıq".
Qurum rəsmisi deyib ki, son illərdə qəbul edilən proqramlarda uşaq hüquqlarına dair məlumat yoxdur:
"Azərbaycanda son illərdə qəbul olunan proqramlarda uşaq hüquqlarına dair heç nə yoxdur. Buna görə də Uşaq Hüquqlarına dair Milli Fəaliyyət Planının layihəsi hazırlanıb. Burada uşaqların hüquqlarına dair bütün məsələlər əksini tapıb"
Məlik Məlikov