Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Lavrov: Ermənistan prezidentlərindən biri Yerevanın Qarabağın maraqlarını təmsil etməsinə qərar vermişdi
Qarabağ münaqişəsinin həllində maraqların real balansı nəzərə alınmalıdır.
Oxu.Az-ın Ermənistan KİV-nə istinadən məlumatına görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Yerevanda keçirdiyi mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, tərəflər özləri məsələni koordinasiya etməli və tərkibi müəyyənləşdirməlidirlər.
S.Lavrov xatırladıb ki, Qarabağda hərbi əməliyyatlar dayandırıldıqda, danışıqların iştirakçısı olub.
“Lakin bəzi mərhələlərdə Ermənistan prezidentlərindən biri Yerevanın Qarabağın maraqlarını təmsil etməyə qərar vermişdi”, - deyə S.Lavrov əlavə edib.
Rusiyanın baş diplomatı söyləyib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri prosesi yalnız ümumi razılıq çərçivəsində təmin edə bilər.
“Biz həmsədrlər olaraq prosesin yalnız ümumi razılıq çərçivəsində getdiyini təmin edə bilərik. Dağlıq Qarabağ əhalisinin razılığı olmadan heç bir tənzimləmədən söhbət gedə bilməz”, - deyə S.Lavrov əlavə edib.
Onun sözlərinə görə, ərazi bütövlüyü prinsipləri, xalqların öz müqəddəratını təyin etmə və sülh yolu ilə həll tərəflər arasında baş tutan müzakirələrdə öz əksini tapıb.
“Son tənzimləmə bütün prinsipləri nəzərə almalıdır. Heç kim bununla bağlı mübahisə etmir. Qalanları danışıqların məsələsidir. Diplomatiya sənəti güzəştdir. Biz həmsədrlər olaraq güzəştlərin real maraq balansını əks etdirməyə çalışırıq”.
Aqşin Kərimov