Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Mehmet Perinçek: “O zaman mən Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasının əleyhinə idim”
“Ermənistanda əsas problem Qarabağ, Azərbaycanla müharibə yox, iqtisadi böhrandır. Ermənilərin yarısı Türkiyədə iş axtarır. Sosioloji araşdırma aparılarkən onların fikri nəzərə alınıbmı? Onlar necə Türkiyə ilə münasibətlərin normallaşmasına qarşı çıxa bilərlər? Siz heç bilirsinizmi nə qədər erməni çörək pulu qazanmaq və Ermənistandakı qohumlarına kömək etmək üçün qeyri-qanuni şəkildə Türkiyədə yaşayır?”
Bu sözləri türkiyəli tarixçi və politoloq Mehmet Perinçek ABŞ-ın Beynəlxalq Respublika İnstitutunun (International Republican Institute) Ermənistanda apardığı araşdırmaların nəticələrini Oxu.Az-a şərh edərkən vurğulayıb.
Beynəlxalq Respublika İnstitutu iddia edir ki, 2021-2022-ci ildə aparılan araşdırmalar onu göstərir ki, Ermənistanda respondentlərin 90%-i Türkiyəni öz ölkələrinə əsas təhlükə görür.
Ekspert bildirib ki, Türkiyə vətəndaşları olan və qanuni şəkildə Türkiyədə çalışan erməni miqrantları nəzərə almasaq, Türkiyədə 100-150 min erməninin qeyri-qanuni yaşaması və işləməsi həqiqətdir:
“Və çox güman ki, Ermənistandan Türkiyəyə gəlib pul qazanmaq istəyən Ermənistan vətəndaşları yuxarıda qeyd olunan rəqəmlərdən də iki-üç dəfə çoxdur”.
Mehmet Perinçek hesab edir ki, Türkiyə ilə Ermənistan arasında nizamlanma prosesinin perspektivinə inanır.
“Bəli, mən bunu görürəm. Bu vacibdir və ABŞ-ın bölgəyə müdaxiləsinin qarşısını alacaq. Amma mən 10-15 il əvvəl Ermənistan-Türkiyə məsələsinin həlli prosesinin, Ankara ilə İrəvan arasında münasibətlərin normallaşmasının (söhbət 2009-cu il “Sürix protokolları”ndan gedir – red.) kəskin əleyhinə idim. Bu barədə yazırdım, danışırdım. Onda Qarabağ işğaldan azad olunmamışdı. İndi isə məsələ fərqlidir. Azərbaycanın qələbəsindən sonra Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsini müzakirə etmək olar. Bəli, qələbə qazanmaq üçün müharibə lazım idi, ancaq qələbədən sonra sülh lazımdır”.
Fikrinin davamında Mehmet Perinçek vurğulayıb ki, Ankaranın İrəvanın qarşısına şərt qoyaraq münasibətlərin yalnız Ermənistanın Azərbaycanın ərazi bütövlüyünün tanıyacağı təqdirdə mümkün ola biləcəyi ilə bağlı tələbi tamamilə əsaslıdır:
“Bu, Ermənistanla münasibətlərin normallaşması üçün ilkin yox, zəruri şərtdir. Türkiyə bir vaxtlar Ermənistan-Türkiyə sərhədini niyə bağladı? Bu, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində baş vermişdi. İşğal başa çatıb - Ermənistanla bir masa arxasında əyləşə bilərsiniz, lakin o, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Yeri gəlmişkən, təkcə Azərbaycanın deyil, həmçinin Türkiyənin ərazi bütövlüyünü də tanımalıdır. 2009-cu ildə Qarabağ məsələsini həll etmədən Türkiyə ilə münasibətlərin tənzimlənməsi ilə bağlı danışıqlar aparılmasına cəhd oldu, amerikalılar buna israr etdilər, Ermənistan və Rusiyanı ABŞ-ın tərəfinə çəkməyə çalışdılar. Amma biz - Türkiyə cəmiyyəti buna qarşı idik. İndi isə bir daha deyirəm, Azərbaycanın ərazi bütövlüyü təmin olunduğundan Ermənistan-Türkiyə nizamlanması üçün imkan var. Ermənistan isə hələ də xoş niyyətini, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkdiyini sübut etməlidir. İndi danışıqlar üçün ilkin əsas var, amma 2009-cu ildə yox idi”.
Nair Əliyev
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanda üç avtomobil toqquşdu, Fransa səfirliyinin əməkdaşı xəstəxanalıq oldu
- Bu xəbərləri qaçırmayın: 22.11.2024-ün ən mühüm hadisələri
- İran diplomatı "Yaşasın Ermənistan!" deyir
- Ermənistanda ikiüzlü davranış: döyülən təbrizli: Azğın fransız hərbçilər
- Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə dəfələrlə döyülüb