Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Məzahir Əfəndiyev: “Azərbaycan “Türk Əsri”nə sülhlə daxil olur”
“Bu gün Azərbaycan bütün beynəlxalq platformalarda tərəfdaşlığa olan sadiqliyini və qarşılıqlı hörmətə, etimada əsaslanan əməkdaşlığı davam etdirərək, dünya ictimaiyyətinə davamlı inkişafa nail olmağın yolunu nümayiş etdirir”.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.
Onun sözlərinə görə, bu əməkdaşlıqlar çərçivəsində son illərdə ölkəmiz özünün çoxvektorlu xarici siyasətində xüsusilə türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsini prioritet hədəflərdən biri kimi müəyyən edib:
“Prezident İlham Əliyevin söylədiyi kimi, etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir.
Ümumiyyətlə, Azərbaycan türkdilli dövlətlərlə hökumət səviyyəsində münasibətlərə çox böyük önəm verir. Bunun məntiqi nəticəsidir ki, 3 noyabr 2023-cü il tarixində Qazaxıstan Respublikasının Astana şəhərində Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə Azərbaycan Prezidentinin şəxsən iştirakı və məzmunlu çıxışı baş tutdu. Qeyd edim ki, həmin çıxış türkdilli dövlətlərin mətbuatında həddindən artıq marağa səbəb oldu.
Prezident İlham Əliyev çıxışı zamanı bir daha türkdilli dövlətlərlə Azərbaycanın dostluq və qardaşlıq münasibətlərinin, eləcə də əməkdaşlığının müsbət dinamika ilə inkişaf etdiyini diqqətə çatdırdı, iqtisadi sahədə görülən qarşılıqlı işləri, əldə olunmuş razılaşmaların yerinə yetirildiyini, eləcə də artan əmtəə dövriyyəsinin həcminə xüsusi toxunaraq, görülən işlərin bütün ölkələrin qarşılıqlı maraqlarına uyğun olduğunu bildirdi”.
Deputat beynəlxalq səviyyədə böyük siyasi çəki və nüfuza malik Türk Dövlətləri Təşkilatının inkişafı və təsisatlanmasında, Türk dünyasının sıx birləşməsində Azərbaycan da öz əməli töhfəsini verdiyini qeyd edib:
“Prezident İlham Əliyevin “Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik” sözləri bunun bariz göstəricisidir.
Dünya iqtisadiyyatının ümumi ticarət dövriyyəsinin 2,4 faizini və qlobal ümumi daxili məhsulun 1,6 faizini təşkil edən türk dövlətləri ilə Azərbaycan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 70 faiz artaraq 7 milyard 170 milyon dollar təşkil edib. 2023-cü ilin yanvar-iyul aylarında isə bu rəqəm 5 milyard 666 milyon dollar təşkil edib. Qeyd edək ki, burada əsas pay Türkiyə Respublikasının üzərinə düşür.
İnvestisiya sahəsində də nəzərəçarpacaq nailiyyətlərin şahidi oluruq. Belə ki, bu günə qədər Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub, eyni zamanda keçən müddət ərzində Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması mövcud münasibətlərin daha da dərinləşməsi və hökumətlərin dövlət maraqlarından çıxış edərək, türkdilli dövlətlərin birliyinin qorunmasına xidmət edir.
Qarşılıqlı etimada əsaslanan və uğurla görülən işlərin nəticəsidir ki, türk dünyası işğaldan azad edilən ərazilərimizin bərpa və yenidənqurma işlərində yaxından iştirak edir. Bu məqam çıxışı zamanı ölkə başçısı tərəfindən xüsusi vurğulandı və bu gün doğma Qarabağımızda aparılan işlərdə türkdilli dövlətlərin payı yüksək qiymətləndirildi. Prezident İlham Əliyev qardaş Özbəkistan və Qazaxıstanın Azərbaycan xalqı üçün hədiyyə olaraq inşa etdiyi məktəblərdən bəhs edərək, bu sahədə əməkdaşlığın daha da dərinləşməsi üçün əlavə tədbirlərin görüldüyünü qeyd etdi.
Dövlət başçısı eyni zamanda Azərbaycanın türk dünyası üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşa çevrildiyini bildirərək, Şərq-Qərb nəqliyyat dəhlizi ilə bağlı ötürmə qabiliyyətinin genişləndirilməsinə verdiyimiz töhfənin türk dünyası məkanının nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi üçün nə dərəcədə faydalı olduğunu diqqətə çatdırdı.
Beləliklə, Prezident İlham Əliyevin Zirvə görüşündəki çıxışı yenidən Azərbaycan xalqının arzusunu və gələcəyə baxışını özündə ehtiva etdi, eləcə də Azərbaycan dövləti və xalqının yalnız sülhün, əmin-amanlığın, davamlı inkişafın carçısı olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi”.
"Məzahir Əfəndiyev" teqi üzrə xəbərlər
- Məzahir Əfəndiyev: "Qarabağ Universiteti gənclərimizin ixtisaslaşmasını uğurla həyata keçirəcək"
- Deputat: “Avropa Şurası hər zaman Azərbaycana münasibətdə ikili standartlardan çıxış edib”
- Deputat: “Mötəbər tədbirlər Azərbaycanda qərarlaşıb”
- Deputat: “İlham Əliyev son 20 il ərzində Azərbaycan xalqının ən böyük innovatoru olaraq çıxış edib” - FOTO
- Məzahir Əfəndiyev: “Azərbaycan xalqı COP29 Sammitini dayanıqlı sülh platformasına çevirəcək”