Prezident İlham Əliyev Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, sərəncama əsasən, Mingəçevir şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən on min nəfərdən çox əhalinin yaşadığı “Günəşli”, “Bağlar” yaşayış massivlərini şəhərin mərkəzi ilə birləşdirən ümumi uzunluğu 10 kilometr olan dairəvi avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mingəçevir Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Prezident İlham Əliyev imzaladığı digər sərəncama əsasən, Mingəçevir şəhərinin yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün Kür çayının üzərində inşa edilmiş ümumi uzunluğu 190 metr olan körpünün əsaslı təmiri məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə 1,0 (bir) milyon manat ayrılması nəzərdə tutulub.
Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək Maliyyə Nazirliyinə həvalə olunub.