Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Moskovskiy komsomolets”: “Azərbaycanlılar seçki məntəqələrinə ailələri ilə birlikdə gəliblər”
Rusiyanın “Moskovskiy komsomolets” nəşri Azərbaycanda baş tutan növbədənkənar prezident seçkisi barədə yazıb.
Məqalədə seçkinin beynəlxalq müşahidəçilərin və jurnalistlərin çoxluğu, vətəndaşların yüksək fəallığı ilə yadda qaldığı qeyd olunub.
Bildirilib ki, budəfəki seçki həm də tarixi əhəmiyyətinə görə öncəkilərdən fərqlənib. Belə ki, bu, Azərbaycanın öz suverenliyini bərpa etdikdən sonra azad edilmiş əraziləri də əhatə edən ilk seçki olub.
“Azərbaycanda keçirilən seçki həm seçici fəallığının 70 faizi ötməsi, həm də potensial seçici sayına görə rekord müəyyənləşdirib. Seçici siyahısında 6 milyon 478 min 623 nəfərin adları qeyd olunub və onlar üçün ölkə üzrə 6537 seçki məntəqəsi təşkil edilib”, - deyə məqalədə vurğulanıb.
Həmçinin, materialda seçkinin niyə vaxtından əvvəl keçirildiyi də izah edilib.
“Prezident seçkisi 2025-ci ilin aprelində keçirilməli idi, lakin vaxtından əvvəl keçirilib. Prezident İlham Əliyevin sözlərinə görə, bunun üç səbəbi var. Birincisi, seçki Azərbaycanın suverenliyinin bərpası və ölkənin həyatında yeni mərhələnin başlanması ilə bağlıdır. İkincisi, müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində səsvermə keçirilib. Üçüncüsü, 2023-cü ildə İlham Əliyevin prezidentliyinin 20 illik bir mərhələsi başa çatıb”, - deyə məqalədə bildirilib.
Qeyd olunur ki, bu gün azərbaycanlılar seçki məntəqələrinə ailələri ilə birlikdə gəlib və öz vətəndaş mövqelərini açıq şəkildə nümayiş etdiriblər.
Bununla yanaşı, Bakıda olan və seçkini öz gözlərilə müşahidə etmiş “Moskovskiy komsomolets”in nümayəndələri yerli sakinlər və ekspertlərlə söhbətləşərək onların prosesə dair fikirlərini öyrəniblər.