Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“Moskovskiy Komsomolets” Heydər Əliyevdən yazdı: “Karyerası Stalindən Putinə qədər davam edən şəxsiyyət”
“Heydər Əliyev Azərbaycanın keçmiş Prezidenti və SSRİ-nin böyük dövlət xadimi, karyerası İosif Stalindən Vladimir Putinə qədər davam edən şəxsiyyətdir”.
Bu barədə Rusiyanın “Moskovskiy Komsomolets” nəşrində 100 illiyi qeyd edilən görkəmli şəxs - Heydər Əliyev barədə hazırlanan məqalədə qeyd edilib. Məqalədə ulu öndərin tərcümeyi-halının təfərrüatı politoloqlarla müzakirə olunub.
“Onun ölkəni idarə etməsi sovet dövründən başlayıb. O, Sovet Azərbaycanı üçün çox şey etdi: sərmayə cəlb etdi, ən yaxşı texnologiyaları, hətta o zamanlar maraq doğuran Qərb texnologiyalarını da gətirtdi. Bakıdakı məşhur kondisioner zavodu, neft emalı ilə bağlı bir çox kimya sənayesi müəssisələri onun əməyinin nəticəsidir.
O, 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə gələndən sonra vətəndaş müharibəsinə, ərazi iddiası olan Ermənistanla müharibəyə son qoydu”, - deyə məqalədə bildirilir.
Məqalədə İlham Əliyevin Heydər Əliyevin siyasi kursunun davamçısı olduğu vurğulanır. Bildirilir ki, H.Əliyevin dövründə başlayan Azərbaycan siyasəti indi onun oğlu İlham Əliyev tərəfindən davam etdirilir:
“İlham Əliyev hər zaman Heydər Əliyevin yanında idi, neft şirkətinin vitse-prezidenti, Milli Məclisin deputatı, Olimpiya Komitəsinin sədri olub, zamanı gələndə isə estafeti təhvil alıb, uğurlarını davam etdirib”.