Müdafiə Nazirliyində kadr islahatları bundan sonra davam etdiriləcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya paytaxtında səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.
Z.Həsənov keçmiş müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin vaxtında istefaya göndərilmiş hərbçilərin yenidən vəzifəyə təyin olunmasına da münasibət bildirib.
General bildirib ki, yeni təyinatlar həmin hərbçilərin keçmiş müdafiə naziri tərəfindən istefaya göndərilmələri ilə əlaqəli deyil:
“İstefada olan hərbçinin fiziki cəhətdən orduda xidmət etməyə imkanı varsa, yəni yararlıdırsa və hərbi təcrübəsi imkan verirsə, araşdırmalardan sonra həmin şəxsi ordu sıralarına dəvət edirik. İstefada olan hərbçilərdən bundan sonra da hərbi xidmətə qayıdanları olacaq”.
Əlavə edə ki, Moskvada Azərbaycan və Rusiya müdafiə nazirlərinin görüşü zamanı Ermənistandakı Rusiya hərbi bazasının komandanı, polkovnik Andrey Ruzinskinin məlum bəyanatı müzakirə olunub.
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu ilə görüşü zamanı Gümrüdəki 102 saylı hərbi bazanın komandanı Andrey Ruzinskinin “Krasnaya Zvezda” qəzetinə müsahibəsində səsləndirdiyi “Azərbaycan Dağlıq Qarabağda əməliyyata başlasa, hərbi baza münaqişəyə qoşula bilər” bəyanatını gündəmə gətirib.
S.Şoyqu isə A.Ruzinskinin sözlərinin təhrif olunduğunu bildirib:
“Çox güman ki, bu, müsahibəni götürən jurnalistin səhvi olub”.