Qazaxıstan prezidenti Nursultan Nazarbayev MDB çərçivəsində əməkdaşlığın fəallaşdırılmasının lehinə çıxış edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə o, MDB Dövlət Başçılarının Şurasının iclasının açılışında bəyan edib.
“Qazaxıstan MDB yaradılan ilk andan mütəmadi olaraq ölkələrimiz arasında çoxtərəfli əməkdaşlığın fəallaşdırılmasının, əməkdaşlığın əsas istiqamətləri üzrə inteqrasiyanın dərinləşdirilməsinin tərəfdarı olub və bunun tərəfdarı olmağa davam edəcək”, - Nazarbayev deyib və respublikanın cari ildə Birlikdə sədrlik etdiyini qeyd edib.
Onun sözlərinə görə, MDB postsovet məkanının 11 dövlətini birləşdirən unikal və universal meydandır.
“Burada biz etibarlı şəraitdə beynəlxalq siyasətin cari məsələlərinə dair fikir mübadiləsi apara bilər, çoxtərəfli əməkdaşlığımızın istənilən məsələlərini müzakirə edə bilərik”.
Onun sözlərinə görə, bugünkü iclasın gündəmində 17 məsələ yer alır.
“Məsələlərin böyük bir bloku təhlükəsizlik və asayişin qorunmasına həsr edilib, beynəlxalq müqavilələr paketinin imzalanması, proqram sənədlərinin təsdiq edilməsi, eləcə də MDB rəhbərlərinin beynəlxalq terrorizm ilə mübarizəyə dair qətnaməsinin qəbul edilməsi planlaşdırılır”, - Qazaxıstan prezidenti deyib.