“Bu gün Prezident İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar ən həssas təbəqələrdən olan vətəndaşların aylıq gəlirlərinə müsbət təsir edəcək”.
Oxu.Az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
Onun sözlərinə görə, hazırda 50 min ailə ünvanlı sosial yardım alır ki, bu ailələrdə 1 yaşa qədər olan uşaqlara verilən müavinətlər də artırılacaq:
“Ölkədə demoqrafik artım davam edir və növbəti illərdə bu artım davam edəcək. Dövlət yeni doğulan körpələri olan ailələrin yanındadır və onlara ayrılan vəsaitin məbləği 200 manatdan 300 manata qaldırılıb”.
“Sosial artımlardan 2 milyondan çox vətəndaş yararlanacaq və bu, Prezident İlham Əliyev tərəfindən başladılan sosial islahatların davamı olacaq. Sosial ödəniş və artımlar birbaşa ailələrə, onların aldığı gəlirlərə müsbət təsir göstərəcək”, - deyə o qeyd edib.
İlhamə Əbülfət