Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ödənişə görə təhsil ala bilməyənlərə təhsil kreditləri verilsin - TƏKLİF
Hesab edirəm ki, əgər biz “Təhsil haqqında” qanunu model qanun qəbul etmişiksə, həmin model qanundan çıxan digər qanunları da qəbul etməklə, bütövlükdə tamamlama işini görməyimiz vacib olar.
Bu nöqteyi-nəzərdən hesab edirəm ki, “Orta təhsil haqqında”, “Ali təhsil haqqında” qanunların tezliklə qəbul edilməsi, eyni sosial sifariş xarakterli bir neçə qanunun qəbul edilməsi vacibdir.
Oxu.Az xəbər verir ki, bunu millət vəkili Əli Məsimli dilə gətirib.
O qeyd edib ki, həmkarı Vahid Əhmədovla birgə hazırladığı, hətta üzvü olduğu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasının ilkin müzakirəsinə çıxarılan “Təhsil kreditləri haqqında” qanun layihəsi çox vacibdir:
“İnsanlar böyük əziyyətlə ali məktəblərə daxil olurlar, amma təhsil haqlarını ödəyə bilmədiklərinə görə hər il minlərlə insan təhsildən kənarda qalır, bu da minlərlə ailənin faciəvi bir problemi olur.
Ona görə də bu qanunun qəbul edilməsinin sürətləndirilməsini vacib hesab edirəm. Hətta bildiyim qədər, Elm və təhsil komitəsi də başqa adla - tələbə kreditləri ilə bağlı qanun layihəsi hazırlamağı nəzərdə tutur.
Odur ki, bu məsələnin həlli sürətləndirilməlidir, ən azı parlamentin payız sessiyasının plenar iclasının müzakirələrinə çıxarılmalı və qəbul olunmalıdır”.
Millət vəkili qeyd edib ki, ən ciddi məsələlərdən birini də maliyyə sektorundakı problemlərin həllinin sürətləndirilməsi üçün qanunvericilik sənədlərinin qəbul edilməsi və təkmilləşdirilməsində görür:
“Devalvasiyalardan sonra problemli kreditlər də təxminən iki dəfəyə qədər artıb. Ona görə hesab edirəm ki, bu problemin həllinin hüquqi bazasının təkmilləşdirilməsi istiqamətində bir sıra addımlar atmaq olar.
Birinci, dünyanın heç bir yerində borcu olanı həbs etmirlər, qanunvericiliklə, məhkəmə mexanizmi vasitəsilə tənzimləyirlər. Onlar bankrot elan olunur və bu vasitə ilə də problem həll edilir.
İkinci, biz sivil dünyaya inteqrasiya ediriksə, belə bir qanunvericilik sənədinin qəbul edilməsinə ehtiyac var. Ona görə ki, həmin borcların bir hissəsi qaytarılması mümkün olmayan borclardır ki, artıq onun uzadılmasına ehtiyac yoxdur.
Hesab edirəm ki, problemli kreditlər haqqında yeni bir qanun layihəsi qəbul etməklə bu istiqamətdə irəliyə doğru ciddi addım atmaq olar...”
Kamil HƏMZƏOĞLU
www.oxu.az