Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə iTicket.az məlumat yayıb.
Məlumata görə, ləğv edilən tədbirlər aşağıdakılardır:
- Yumor Fest (18.07.2025 - Sea Breeze Resort);
- Bastanın konserti (30.08.2025 - Sea Breeze Resort);
- "Şelkunçuk" baleti (11.10.2025 - Heydər Əliyev Sarayı);
- "Qu gölü" baleti (11.10.2025 - Heydər Əliyev Sarayı);
- Sergey Bezrukovun konserti (17.10.2025 - Heydər Əliyev Sarayı);
- "Romeo və Cülyetta" baleti (12.10.2025 - Heydər Əliyev Sarayı);
- "Düyməçik" baleti (12.10.2025 - Heydər Əliyev Sarayı);
- Yevgeni Sinyakovun stendapı (01.11.2025 - Opera Studiyası);
- Leonid Aqutin və Anjelika Varumun konserti (23.11.2025 - Heydər Əliyev Sarayı);
- "Master və Marqarita" Flamenko tamaşası (20.12.2025 - Opera Studiyası);
- "Şelkunçuk" Flamenko baleti (20-21.12.2025 - Opera Studiyası).
Rusiya Federasiyasının Yekaterinburq şəhərində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiyanın dövlət və özəl müəssisələrinin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və digər tədbirlər ləğv edilir.
Bu barədə Oxu.Az-a Mədəniyyət Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, bilet almış vətəndaşlar biletləri qaytarmaq üçün müvafiq satış məntəqələrinə və onlayn platformalara müraciət edə bilərlər.
Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburqda azərbaycanlıların evlərində reyd keçirib. Əməliyyat nəticəsində iki azərbaycanlı öldürülüb. Daha bir neçə nəfər saxlanılıb.
