2023-cü il ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 48 978 milyon manat təşkil edib.
“APA-Economics”in Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatı əsasında apardığı hesablamalara görə, həyata keçirilən nağdsız ödənişlərin 39 115 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 9 784 milyon manatı POS-terminallar, 70.7 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşib.
Ötən il ölkədaxili nağdsız ödənişlərin həcmi əvvəlki illə müqayisədə 2 dəfə, elektron ticarətin həcmi 2.1 dəfə, POS-terminallarla ödənişin həcmi isə 68.6% artıb. Belə ki, 2022-ci ildə kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 24 170.5 milyon manat, elektron ticarətin həcmi 18 333 milyon manat, POS-terminallarla ödənişin həcmi isə 5 801 milyon manat təşkil edib.
Qeyd edək ki, 2024-cü il yanvar ayının 1-nə banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki illə müqayisədə 24.2% artaraq 16 milyon 925 min ədəd təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə 85 milyard 696.6 milyon manatlıq əməliyyatlar həyata keçirilib.