Azərbaycan Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov “Exo Moskva” radiostansiyasına müsahibəsində deyib ki, qadağan olunmuş təşkilata üzv olan bütün Azərbaycan vətəndaşları geri qayıdarkən başqa ölkələrdə məsuliyyətə cəlb oluna bilər.
Bununla bağlı Oxu.Az radiostansiyanın saytına istinadla xəbər verir.
“Suriyada və ya digər ölkələrdə terror təşkilatlarına, misal üçün, İŞİD-ə üzv olmaq üçün gedən Azərbaycan vətəndaşları geri qayıdırlar və onlar qadağan olunmuş təşkilatlarda iştiraklarına görə cinayət məsuliyyətinə cəlb olunurlar. Qanun hamı üçün qanundur. Bu cür insanlar nəinki dövlət tərəfindən, həmçinin Azərbaycan ictimaiyyəti tərəfindən tənqid olunur”, - o deyib.
E.Nəcəfov əlavə edib ki, bu cür fəaliyyətlərin qarşısını almaq üçün bəzi ölkələrin xoşuna gəlməyən müəyyən siyasət aparılır.
Etibar Nəcəfov ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycandakı dini vəziyyətin tənqidini qərəzli və qeyri-obyektiv hesab edir. Bu fikirləri o, “Exo Moskva”ya müsahibəsində deyib.
Bundan öncə, Dövlət Departamenti Azərbaycan hakimiyyətini dini azlıqların hüquqlarını məhdudlaşdırmaqda ittiham edib.
“Bu tənqid qərəzli və qeyri-obyektivdir, o, reallığı əks etdirmir. Deyirlər ki, məscidlər bağlanır, bir daha qeyd etmək istəyirəm ki, bütün dinlər qanun qarşısında bərabərdir və orada deyilir ki, əgər hansısa gizli din nifrəti təbliğ edirsə, dövlət hakimiyyəti devirmək üçün çağırış yayırsa, onlar qanunla cəzalanır”, - o bildirib.
E.Nəcəfov əlavə edib ki, ölkədə müəyyən təşkilatlar, xüsusən də müsəlman təşkilatları var ki, onlar digər ölkələr tərəfindən maliyyələşdirilir.
“Söhbət bəzi Yaxın Şərq ölkələrində yerləşən mərkəzlərdən gedir. Bu mərkəzlər İŞİD və digər təşkilatların istifadə etdiyi ideologiyanı yayır. Onların hərəkətləri qanunsuzdur, onlar konstitusiyaya riayət etmirlər. İstənilən ölkədə hər hansı təşkilat qanuna riayət etmirsə, onlar qanunsuz hərəkətlərinə görə məsuliyyət daşıyır”, - o qeyd edib.