Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Paşinyan Ermənistan mediasını ABŞ-nin nəzarətinə verib
Son 28 ildə Praqada yaşayan ABŞ vətəndaşı, "Azadlıq" radiosunun keçmiş əməkdaşı Armen Koloyan Ermənistan İctimai Radiosunun yeni direktoru vəzifəsinə gətirilib. Onun sələfi Qaregin Xumaryan isə respublika hakimiyyətini tənqid etdiyinə görə işdən çıxarılıb. İndi jurnalist məhkəməyə hazırlaşır.
Ekspertlər hesab edirlər ki, Qərbin informasiya resursları uzun müddətdir ki, Ermənistan xalqının şüurunu anti-Rusiya ruhunda tərbiyə edir və bu tendensiyanın geri dönüşü ehtimalı azdır.
Ermənistan hakimiyyəti ABŞ-yə öz media məkanını niyə təslim edib? Bu barədə NEWS.ru geniş material hazırlayıb.
Məqalədə bildirilir ki, iyulun 29-da Ermənistanın İctimai Yayım Şurasında səsvermə keçirilib və nəticədə İctimai Radionun icraçı direktoru vəzifəsinə 67 yaşlı Armen Koloyan seçilib. O, respublika hakimiyyətinin tövsiyə etdiyi namizəd olub.
Radionun əvvəlki rəhbəri Qaregin Xumaryan xeyli müddət öncə Paşinyanı tənqid edərək, hakimiyyəti müdafiə qabiliyyətini artırmaq üçün kifayət qədər tədbirlər görməməkdə və dost olmayan ölkələrə güzəştlərdə ittiham edib. O, daha sonra tamaşaçılardan üzr istəyib. Lakin Xumaryanın səlahiyyət müddəti başa çatdıqda İctimai Yayım Şurası yeni direktor seçmək barədə qərar qəbul edib.
Koloyanın qələbəsindən sonra Xumaryan onun yerini "erməni yox, ABŞ vətəndaşı"nın tutmasından qəzəbləndiyini bildirib. O, həmçinin 2010-cu ildən bəri olduğu kimi müstəqil ekspertlərin Şuranın səsverməsində iştirak etməməsindən də narazı qalıb. Xumaryanın sözlərinə görə, Şuranın hazırkı tərkibində ona qərəzli yanaşan hakim partiyanın indiki və keçmiş deputatları üstünlük təşkil edir. Ona görə də Xumaryan əmindir, səsvermənin nəticələri əvvəlcədən müəyyən edilib və seçkilər sadəcə imitasiyaya çevrilib. Radionun keçmiş rəhbəri səsvermənin nəticələrinə etiraz etmək üçün məhkəmə iddiası hazırladığını bildirib.
Məqalədə qeyd olunur ki, İctimai Radionun icraçı direktoru vəzifəsinə ABŞ vətəndaşının seçilməsi təsadüfi deyil. Ermənistanın tanınmış jurnalisti Mikael Badalyan bildirib ki, Vaşinqtonun erməni media resurslarına, eləcə də Ermənistanda ictimai həyatın demək olar ki, bütün sahələrinə təsiri bu gün olduqca nəhəngdir. Onun sözlərinə görə, hazırda respublikada bütün müxalifət KİV-ləri bağlanır, radiostansiyaların yayımı dayandırılır, tezlikləri isə hakimiyyətə sadiq olan resurslara verilir.
"Nikol Paşinyan Ermənistanı ABŞ-nin nəzarətinə verir. ABŞ-nin respublikada yeganə vəzifəsi Ermənistanın və ölkə xalqının milli maraqlarını heç bir şəkildə nəzərə almadan Rusiyanı hər hansı vasitə ilə sıxışdırmaqdır. Amerikalılar yaxşı bilirlər ki, bu gün media sahəsi ən mühüm vasitədir. İnformasiya müharibəsi döyüş meydanındakı müharibədən geri qalmır. Bəzi yerlərdə bu daha vacibdir. Biz insanların şüuru üçün mübarizə aparmalıyıq. Bunu əldən versək, nəyisə sübut etmək çox çətin olacaq. Amerikalılar bunu çox effektiv edir", - Badalyan qeyd edib.
O vurğulayıb ki, Ermənistanda müxalifət resurslarının bu gün hakimiyyətin təzyiqlərinə uğurla müqavimət göstərdiyi yeganə informasiya platforması "Telegram"dır. Onun sözlərinə görə, bu sosial şəbəkə hazırda Ermənistan cəmiyyətində "etibar və inamı" baxımından liderdir.
Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlyov bildirib ki, Qərb vaxtilə həm Gürcüstanda, həm də Ukraynada istifadə olunan metodologiya ilə hərəkət edir. Onun sözlərinə görə, qərblilər medianın köməyi ilə "insanların şüurunu ələ keçirmək" qərarına gəliblər.
"İlk növbədə insanların şüurunu ələ keçirməlisən və bunun üçün mediaya öz təsirindən istifadə etməlisən. Ona görə də hər yerdə Qərbin adamları yerləşdirilir. Onlar təkcə ideoloji cəhətdən asılı deyil, həm də xarici QHT-lər və Soros kimi müxtəlif fondlar tərəfindən dəstəklənirlər. Erməni mətbuatında belə dəyişikliklər baş verdiyindən, bəla gözləyin. Eyni zamanda, küçə iğtişaşları üçün həmişə Qərbin silahı olan radikal millətçilər artıq haradasa təlim keçirlər", - Juravlyov bildirib.
Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov vurğulayıb ki, Paşinyan Rusiya ilə münasibətlərin mümkün qədər pisləşməsini və Qərblə münasibətlərin yaxşılaşdırılmasını gözləyir. Lakin o, Ermənistanda belə ssenarinin inkişafını istəməyən sadə sakinlərdən qorxur. Onun fikrincə, Qərbin nəzarətində olan resurslar Ermənistanın baş nazirinə bu maneəni aradan qaldırmağa kömək etməlidir.
"Qərb resursları erməni əhalisinin şüurunu anti-Rusiya ruhunda tərbiyə etmək, daha radikal çevriliş üçün şərait yaratmaq istəyir. Paşinyan özü, bildiyiniz kimi, Soros Fondunun məzunudur. O, Rusiyaya qarşı xəyanət tendensiyası ilə Qərbə dönüş edərək ölkəni "ukraynalaşdırmaq" yolu ilə fəlakətə sürükləyir", - deyə Markov yekunlaşdırıb.