Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə yeni Konstitusiyanın qəbul edilməsi məqsədilə növbədənkənar seçkinin keçirilməsi ehtimalını istisna etməyib.
Oxu.Az-ın Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, o, Bişkekdə keçirilən görüş zamanı bu məsələni Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə etdiyini bildirib.
"Əgər biz hər bir halda Konstitusiyanı dəyişiriksə və bu, hökumət proqramımızın bir hissəsidirsə, onda niyə xoş olanı faydalı olanla birləşdirməyək? Biz bu yolla getməli və yeni Konstitusiya qəbul etməliyik", - deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, yaxın vaxtlarda Konstitusiya layihəsi dərc olunaraq parlamentə təqdim ediləcək.
"Biz müxalifətdən olan həmkarlarımızı inandırmağa çalışacağıq ki, bu, çox mühüm və prinsipial məsələdir. İnandırmağa cəhd edəcəyik. Əgər alınmasa, o zaman başqa ssenarilərə üz tutacağıq, o cümlədən növbədənkənar seçki də keçirə bilərik. Kim deyir ki, belə bir ssenari istisna olunur?" - deyə o əlavə edib.
Baş nazir vətəndaşlar qarşısında sülh müqaviləsinin imzalanması və Konstitusiyanın dəyişdirilməsi ilə bağlı öhdəliklərinin olduğunu bəyan edib.