Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ardıcıl işlər görməyə davam edir, lakin yekun qərar yalnız münaqişənin iştirakçıları tərəfindən verilə bilər.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə bu gün jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bu hansısa birdəfəlik səy deyil, bu, ardıcıl xətdir. Lakin münaqişə ilə bağlı yekun qərar yalnız münaqişənin iştirakçıları tərəfindən verilə bilər”, - Peskov jurnalistlərin bu istiqamətdə Kremlin son zamanlarda hansı addımları atdığı barədə sualına cavab verərkən bildirib.
Bu ərəfədə Ermənistan prezidenti Serj Sarkisyan Vladimir Putin ilə görüş zamanı Rusiya dövlət başçısına Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində RF-nin səylərinə görə təşəkkür edib.
“Nə beynəlxalq vasitəçilər, nə də Rusiya Ermənistan və Azərbaycanın əvəzinə münaqişəni nizamlaya bilməz”, - Peskov qeyd edib.