"2010-cu ildə keçirdiyimiz toplantıdan bəri baş vermiş əsas dəyişikliklərdən biri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsidir. 1990-cı illərin əvvəllərində torpaqlarımız işğal edilmişdir və bu da humanitar fəlakətə yol açmışdır. 1990-cı illərin əvvəllərində bizim 1 milyon qaçqın və məcburi köçkünümüz var idi. O vaxt əhalimiz 8 milyon idi, beləliklə, hər səkkiz nəfərdən biri məcburi köçkün, evsiz, işsiz, yaşamaq üçün heç bir maddi imkanı olmayan idi. Bu, həqiqi humanitar fəlakət idi və biz tək qalmışdıq".
Oxu.Az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında səsləndirib.
"Müharibə cinayətlərini və Xocalı soyqırımını törətmiş, bizim şəhər və kəndlərimizi dağıtmış, işğal olunmuş ərazilərdə urbisid törətmiş Ermənistana qarşı sanksiya tətbiq olunmadı. Hər gün sanksiyalar haqqında eşidirik - sanksiyalar və yenə də sanksiyalar. Hər gün eşidirik. Haradasa hər hansı bir hadisə baş verən kimi dərhal sanksiyalar tətbiq olunur. Lakin Ermənistana qarşı heç kəs sanksiyalar tətbiq etmədi və bu, ikili standartların, həmçinin bəyan edilən qondarma dəyərlərlə real siyasət arasındakı fərqin açıq təzahürüdür. Əgər beynəlxalq hüququ pozduğuna, suveren dövlətin ərazilərini işğal etdiyinə və müharibə cinayətləri törətdiyinə görə Ermənistana qarşı sanksiyalar tətbiq edilsəydi, iki ölkə arasında münaqişə bu qədər uzun sürməzdi", - deyə Prezident qeyd edib.