Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üç hərbi qulluqçusuna “general-mayor” ali hərbi rütbəsi verilib.
Sərəncamda qeyd edilən hərbçilər polkovnik Fərid Əlibaba oğlu Əliyev, polkovnik Namiq Süleyman oğlu Bayramov, polkovnik Müşfiq Xıdır oğlu Məmmədovdur.
Oxu.Az-ın məlumatına görə, Fərid Əlibaba oğlu Əliyev 2018-ci ildə Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
O, bu ilin yanvar ayında vəzifəsindən istefa verib. Hazırda onun 36 yaşı var.
:640.jpg)
Məlumata əsasən, Fərid Əliyev Sabunçu Rayonu İcra hakimiyyətinin keçmiş başçısı Əlibaba Əliyevin oğludur. Ə.Əliyev isə hazırda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində sektor müdiri vəzifəsində çalışır.
Prezidentin “general-mayor” ali hərbi rütbəsinə layiq gördüyü üç nəfərdən biri - Müşfiq Məmmədov isə Azərbaycanın Ankaradakı səfirliyinin hərbi attaşesidir.
:640.jpg)
O, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Bolqarıstan Respublikasında akkreditə olunmuş hərbi attaşesi vəzifəsini icra edir. O, 2020-ci ildə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Digər zabit - Namiq Bayramov isə 2014-cü ildə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda Hava Hücumundan Müdafiə İdarəsində qərargah rəisi vəzifəsinə təyin olunub. Polkovnik 2015-ci ildə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Aysel Aslan