Dünya iqtisadiyyatında yaranmış ümumi mürəkkəb vəziyyətə baxmayaraq, ölkələrimiz arasında münasibətlər son dərəcə uğurla inkişaf edir. Ötən il mal dövriyyəmiz 47% təşkil edib ki, bu da bizim üçün rekordlardan biridir.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə deyib.
“Rusiya Azərbaycanla ticari-iqtisadi əlaqələrdə liderlərdən biri olaraq qalır, ikinci yeri tutur, mal dövriyyəsi artmaqdadır, həm Azərbaycan həm də Rusiya tərəfdən mal dövriyyəsinin strukturunun qənaətbəxş olması xüsusilə məmnunluq doğurur”, - deyə V.Putin vurğulayıb.
O əlavə edib ki, iki ölkə arasında əlaqələr bir çox istiqamətlər üzrə inkişaf edir və şaxəli xarakter daşıyır.
Öz növbəsində Azərbaycanın prezidenti İlham Əliyev V.Putinin səfərinin iki ölkənin münasibətlərinə əlavə təkan verəcəyinə əminlik ifadə edib.
“Münasibətlərimiz çox dinamik, müsbət və uğurla inkişaf edir. Bizim münasibətlərimiz bir çox sahələri əhatə edir və bu gün həm ikitərəfli münasibətləri, həm də regional məsələləri müzakirə etmək imkanı olacaq” – deyə, İ.Əliyev bildirib.
“İqtisadiyyat sahəsində hətta gözlədiyimizdən də yaxşı nəticələr var, humanitar sahədə ənənəvi nəticələr və perspektivlər mövcuddur. Başqa sözlə, münasibətlər uğurla inkişaf edir, sizin səfərinizin münasibətlərimizin inkişafında xüsusi yeri olacaq. Əminəm ki, bu səfərdən sonra münasibətlərin inkişafında müsbət dinamika davam edəcək”, - deyə, Azərbaycan prezidenti vurğulayıb.
Öz növbəsində V.Putin humanitar sahənin inkişafına yönəlmiş təşəbbüsləri qeyd edib.
“Bilirəm ki, burada sizin şəxsi təşəbbüsləriniz də var. Biz bu gün o təşəbbüsləri müzakirə edəcəyik. Əminəm ki, bugünkü görüşümüz münasibətləri inkişaf etdirməyə kömək edəcək. Mənimlə birgə böyük komanda, əməkdaşlığın əsas sahələri üzrə nazirlər mənimlə gəlib. Ona görə də görəcəyimiz iş məzmunlu, böyük, maraqlı və çox sərfəli olacaq” – deyə, V.Putin vurğulayıb.